"Dünyada artan gücümüzün təməlində Heydər Əliyevin neft strategiyası dayanır " - Prezident

8 Noyabr 2017 18:42 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Azərbaycanda iki milyardıncı ton neft hasil olunması münasibətilə keçirilən təntənəli mərasimdəki nitqində bu barədə danışan Prezıdent İlham Əliyev 1990-cı illərdə neft sənayesində bir çox tarixi hadisələrin baş verdiyini diqqətə çatdıraraq deyib: “Mən xüsusilə, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsini qeyd etməliyəm. Ulu öndər Heydər Əliyev öz əlləri ilə bu kəmərin təməlini qoydu və 2006-cı ildə biz bu kəməri istifadəyə verdik. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri işə düşdü ki, bu gün bizim qaz ixracımızın əsas infrastruktur layihəsidir və bu kəmər əsasında bu gün Cənubi Qafqaz, Cənub Qaz Dəhlizi layihələri icra edilir. 1990-cı illərdə Bakı-Novorossiysk və Bakı-Supsa neft kəmərlərinin biri təmir olundu, digəri yenidən tikildi. Yəni, o vaxt neft infrastrukturunun əsası qoyuldu və 2000-ci illərdə də bu proses davam etdirildi”.

Dövlətimizin başçısı qeyd edib ki, hazırda Bakıda ən müasir qazma qurğuları, platformalar inşa edilir. “Şahdəniz-2” üçün bütün tikinti işləri Azərbaycanda icra olunub. Azərbaycanın minlərlə, bəlkə də on minlərlə vətəndaşı bu işlərə cəlb edilib. Dünyanın ən böyük neft-qaz terminalı – Səngəçal terminalı da bizim böyük sərvətimizdir. Neft əməliyyatlarının aparılması üçün bizim gəmiqayırma zavodumuzda istənilən növ gəmilər istehsal olunur.