Bakıda ağır yol qəzası - 2 polis öldü, biri yaralandı (Yenilənib 3)

10 Noyabr 2017 18:23 (UTC+04:00)

Bu gün saat 07 radələrində Bakı şəhərinin Xəzər rayonu ərazisində 90 AP 232 dövlət qeydiyyat nişanlı "FİAT Doblo" markalı xidməti avtomobilin qəzaya uğraması nəticəsində ağır xəsarət alan Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının əməkdaşı, 32 yaşlı Vəliyev Kamal Aftandil oğlu hələ də reanimasiyadadır.

AzNews.az Lent.az-a a istinadən xəbər verir ki, Nardarandakı posta növbəni təhvil almağa gedən polis avtomobilinin hasara çırpılması nəticəsində ağır kəllə-beyin travması alan Kamal Vəliyevin nazirliyin hospitalına aparılması gözlənilir. Lakin həkimlər onun vəziyyətində müsbət dinamikanın müşahidə edilməsini gözlədiklərini və həmin vaxta kimi aparılmasının məqsədəuyğun olmadığını bildiriblər.

Qeyd edək ki, məlum qəza nəticəsində avtomobili idarə edən əslən Xocalı rayonu Kərkicahan qəsəbəsindən olan polis serjantı, 1982-ci il təvəllüdlü Kərimov Qoşqar Salman oğlu və paytaxt sakini, 1987-ci ildə anadan olmuş Məmişov Elnur Eldar oğlu vəfat edib. Onların hamısı polis serjantı olub.

***

14:42

Bakıda polis əməkdaşlarının dünyasını dəyişdiyi dəhşətli yol qəzası ilə bağlı cinayət işi açılıb.

AzNews.az APA-ya istinadən xəbər verir ki, faktla bağlı Xəzər rayon Polis İdarəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

***

12:48

Bu gün saat 07 radələrində Bakıda dəhşətli yol qəzasına düşən polis əməkdaşları ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Xəzər rayonu ərazisində, Buzovna-Bilgəh yolunda hasara çırpılan 90 AP 232 dövlət qeydiyyat nişanlı "FİAT Doblo" markalı xidməti avtomobildə olan polislər Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının əməkdaşları olub. Onlar Nardaran qəsəbəsində qurulmuş posta növbəni təhvil almağa gedirmiş.

AzNews.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, xidməti avtomobilin sükanı arxasında əslən Xocalı rayonu Kərkicahan qəsəbəsindən olan polis serjantı, 1982-ci il təvəllüdlü Kərimov Qoşqar Salman oğlu olub. O, qəza zamanı hadisə yerində vəfat edib. Digər polis əməkdaşı, 1987-ci ildə anadan olmuş Məmişov Elnur Eldar oğlu isə Buzovnadakı təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına çatdırılarkən vəfat edib.

Hadisə nəticəsində daha bir polis əməkdaşı – 1985-ci il təvəllüdlü Vəliyev Kamal Aftandil oğlu kəllə-beyin travması alıb və 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

11:09

Bu gün saat 07 radələrində Bakıda dəhşətli yol qəzası baş verib.

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayına məxsus olan 90 AP 23 dövlət qeydiyyat nişanlı "FİAT Doblo" markalı xidməti avtomobil idarəetmədən çıxaraq hasara çırpılıb. Nəticədə avtomobili idarə edən polis əməkdaşı Kərimov Qoşqar Salman oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər polis əməkdaşı Məmmədov Elnur Eldar oğlu isə xəstəxanaya aparılarkən yolda vəfat edib.

Hadisə nəticəsində daha bir polis əməkdaşının ağır xəsarət aldığı bildirilir. O, xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, polislər xidməti əraziyə gedərkən qəzaya düşüblər.

Faktla bağlı araşdırma aparılır.