Soçi görüşü Dağlıq Qarabağın taleyini həll edə biləcəkmi? - Siyasətçilər Putin-Ərdoğan görüşünü şərh edir

13 Noyabr 2017 14:09 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə bu gün Soçiyə yollanan Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan arasındakı müzakirənin mərkəzi Dağlıq Qarabağ olacaq. Ərdoğanın ötən ayın sonu Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə “Putinlə Qarabağ münaqişəsini müzakirə edəcəm” deməsi də buna əsas verir. Bəs görəsən masaya hansı təkliflər qoyulacaq? Və yaxud Qarabağ münaqişəsinin həlli istiqamətində aktivlik nümayiş etdirən Türkiyə prezidenti Soçiyə hansı planlarla gedir?

Prezidentlərin görüşünü AzNews.az-a şərh edən millət vəkili Zahid Oruc qeyd edir ki, bu gün regionda Türkiyənin, İranın, Rusiyanın reallaşdırmaq istədiyi istənilən strateji layihələr Dağlıq Qarabağın işğalına görə ciddi maneələr yaşayır:

"Füzuli rayonu ərazisindən keçə biləcək dəmiryol xətti bu problemlərdən mühümüdür və Rusiya özü də görür ki, bu təcavüzkarlıq siyasəti onun siyasi və iqtisadi maraqlarına 90-cı illərdən fərqli olaraq ziyan törədir. Ona görə də hesab edirəm ki, bu danışıqlarda "Kazan formulu" kimi bir formul seçilə bilər. Bəlkə də bu, bir qədər də tarixi xatırladacaq. Ona görə də erməni tərəfi bu amili təhlükə kimi qələmə verirlər. Əslində nədən gedir söhbət? Rusiya Ermənistanın inadkarlığını ram etməlidir, onunla bağlı təhlükəsizlik məsələlərinə təminat verməlidir. Şərt irəli sürülə bilər ki, Türkiyə də Azərbaycanla bağlı məsələdə önəmli rol oynasın. Belə demək mümkünsə, "2+2" formulu ilə gələcək bir dövr üçün çözüm düsturu tapılsın. Biz çox arzulayırıq ki, Rusiya ilə Türkiyə Qarabağ münaqişəsinin həlli formulunu tapsınlar. Çünki Minsk qrupu formatında bu razılaşmanı əldə etmək mümkün olmayacaq. Çünki ABŞ və Rusiyanın, ABŞ və Fransanın, Fransa və ya Rusiyanın arasındakı konfliktlər , siyasi müharibələr müxtəlif beynəlxalq ərazilərdəki gerçək toqquşmalar səngimir, əksinə, bir qədər də artır. Belə olan halda, heç kim inana bilməz ki, bunlar Yaxın Şərqdə bir-biri ilə ciddi qarşıdurmada olduğu halda, ABŞ və Rusiya gəlib burada Qarabağ münaqişəsini həll edə bilə. Bu, qətiyyən mümkün deyil. Burada gerçək tənzimləmə Rusiya və Türkiyənin qərarından asılıdır. Tərəflər ötən əsrin əvvəlindəki kimi Naxçıvanla bağlı məlum "Qars razılaşması"na bərabər bir razılaşmanı Qarabağla bağlı da qəbul edə bilərlər. Hazırkı dövrdə daha real olanı Ərdoğan tərəfindən Putinə Qarabağla bağlı iki ölkə arasındakı bir anlaşmanı təklif etməsidir. Bu görüşdən real nəticələr olmasa belə, ən azı, Tükiyənin aktiv bir şəkildə bu prosesdə yer aldığı inkar olunmur və onun Qafqazlarda Azərbaycanla bağlı həyata keçirdiyi siyasət qəbul edilir. Bununla da Türkiyənin aktiv bir siyasi oyunçu olması faktı ilə barışırlar".

Yaxın 2 ay ərzində 2 dəfə görüşən Rusiya və Türkiyə prezidentlərinin Soçi görüşünü Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya Federasiyasının İctimai Palatasının üzvü, politoloq Sergey Markov şərh edərkən bildirib ki,Türkiyə iki istiqamət üzrə hərəkət edə bilər:

"Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə Türkiyə-Rusiya əməkdaşlığı yaxşı ideyadır. Biz bu münaqişədə Türkiyənin Azərbaycana tam dəstəyini yaxşı bilirik. Problem ondadır ki, Türkiyənin Azərbaycana qeyd-şərtsiz dəstəyi onun neytral vasitəçi kimi çıxış etməsinin qarşısını alır. Bu baxımdan, Ermənistanın Türkiyənin vasitəçiliyini qəbul etməsi çətindir. Lakin Ankara bu prosesdə Moskva ilə birgə hərəkət edə bilər. Birincisi, münaqişənin nizama salınmasında öz təkliflərini irəli sürə bilər. İkincisi, Ərdoğan Putinlə görüşdə Ermənistanın təhlükəsizliyinə müəyyən zəmanətlər qarşılığında 5 rayonun Azərbaycana qaytarılmasını nəzərdə tutan "Kazan düsturu"nu dəstəkləyə bilər. Yəni Ərdoğan Ermənistan qarşısında öz təklifini irəli sürə bilər", - deyə o vurğulayıb.

Markov qeyd edib ki, Ərdoğan münaqişənin nizama salınmasında Rusiyaya kömək etsə, ciddi nəticələr əldə oluna bilər.

Lalə Nurəddinqızı
AzNews.az