Müxalifətlə görüşlər keçirən Türkiyə təşkilatıyla bağlı şok ittihamlar

25 Fevral 2013 11:58 (UTC+04:00)



Ötən həftə Bakıda olan və 3 gün ərzində əsasən müxalifət düşərgəsinin təmsilçiləri ilə - Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, "Yeni Müsavat"ın baş redaktoru Rauf Arifoğlu, DEVAMM sədri Hacı İlqar İbrahimoğlu, QAT sədri Akif Nağı və digər şəxslərlə görüşlər keçirən Türkiyənin tanınmış insan haqları təşkilatlarından sayılan "Mazlumder"lə bağlı AzNews.az-a maraqlı məlumatlar daxil olub.

Məlumata görə, "Mazlumder"in Ankara təmsilçilərinin müxalifət dairələri ilə keçirdikləri görüşdə məqsəd, mətbuatda iddia edildiyi kimi, heç də təkcə Dağlıq Qarabağ məsələsinin araşdırılmasına yönəlmiş xoş niyyət olmayıb: "Bu görüşdə məqsəd Azərbaycandakı daxili siyasi vəziyyəti öyrənmək və gələcəkdə bu təşkilatın adından hazırlancaq hesabatda bunları əks etdirməkdir. Türkiyədə Qərbə bağlı müəyyən dairələr maraqlıdırlar ki, Azərbaycanla Türkiyənin münasibətlərində yenidən gərginlik yaransın.

"Mazlumder" də bu siyahıda yer alan təşkilatlar sırasındadır. Onlar istəyirlər ki, Türkiyə ilə Ermənistan arasındakı sərhədlər açılsın. Azərbaycanda bu ideyaya qarşı ciddi təpki olacaq deyə, indidən Azərbaycanın əleyhinə sənəd hazırlayırlar. İstəyirlər Türkiyə cəmiyyətini inandırsınlar ki, Azərbaycan Dağlıq Qarabağ məsələsini həll edə bilmir, bu problem regionda sülhə və əmin-amanlığa təhlükədir və yeganə çıxış yolu da Türkiyə-Ermənistan sərhədlərinin açılmasındadır".

Mənbənin iddiasına görə, "Mazlumder"in 2011-ci il hesabatında da Azərbaycan hakimiyyəti çox sərt şəkildə tənqid olunubmuş:

"Bu təşkilatın rəhbəri milliyətcə kürd, dini baxışlarına görəsə "nurçu"dur. Təşkilatın Türkiyədə yaşayan ermənilərə böyük dəstək verdiyi haqda tutarlı faktlar var. Xatırlayırsınızsa, dərnəyin başqanı Əhməd Faruk Ünsal bu yaxınlarda Rusiya Prezidenti Putinə məktub da yazdı ki, "nurçu"lar bu ölkədə sıxışdırılır. Rusiyanın onları sıxışdırması isə səbəbsiz deyil. Rusiya xüsusi xidməti "nurçu"ları ABŞ kəşfiyyatının bir qolu kimi qəbul etdiklərindən, onların fəaliyyətini qadağan edib".

Mənbə bildirir ki, mətbuata açıqlanmasa da, onda olan məlumata görə, "Mazlumder"in Ankara təmsilçiləri Azərbaycanda olarkən, daha çox görüşdükləri şəxslərdən Türkiyə-Ermənistan sərhəddinin açılmasına rəylərin necə olduğunu öyrənməyə çalışıblar.

Onu da qeyd edək ki, rəsmi olaraq "Mazlumder"in 1991-ci ildə yaradıldığı və heç bir siyasi partiyaya bağlı olmadığı bildirilsə də, təşkilat AKP-nin siyasətinin əsas dəstəkçilərindən biri olaraq tanınır.

Mövzuyla bağlı AzNews.az-a açıqlama verən "Yeni Müsavat qəzetinin baş redaktoru Rauf Arifoğlu isə görüşü təsdiqləsə də ittihamlarla razılaşmayıb:

"Bu ittiham çox gülüncdür. Onların Azərbaycanda keçirdikləri görüşlərin hamısı açıq olub. Bizim redaksiyaya da gəlmişdilər və bununla bağlı biz qəzetdə fotosessiya da etmişik. Redaksiyaya gələnlərin də qanını analiz etmirəm ki, hansısa əsillidir, türkdür, kürddür və s. Onlardan biri Üzeyir Yigit olub və özünün dediyinə görə Azərbaycan əsillidir. Biri keçmişi ülküçü olan türk millətçisi, digəri isə sözügedən təşkilatın xanım vəkili olub".

Baş redaktor qeyd edib ki, onun "Mazlumder"lə münasibətləri o qədər də isti deyil və keçən il onlar barəsində tənqidi yazılar yazıb: "Məhz buna görə də onlar israrla xahiş etdilər və Azərbaycanda ilk görüşlərindən birini mənimlə keçirdilər. Görüşdə öz fəaliyyətləri barədə məlumat verdilər və bildirdilər ki, onlar Qarabağ raporu hazırlamaq üçün gəliblər. Qarabağ qaçqınları, Qaçqınlar Komitəsi, QAT və o cümlədən də ölkənin siyasi-ictimai mühiti ilə görüşlər planlaşdırırlar. Mən də görüşə razılaşdım, görüşdük Qarabağdan danışdıq, Azərbaycanın vəziyyətindən, Türkiyənin Dağlıq Qarabağ məsələsi barədə yürütdüyü siyasətin daha iddialı olmasını arzu etdik. Qeyd etdik ki, Türkiyənin indiki hakimiyyəti Fələstinə, Suriyaya ayırdığı diqqət qədər Qarabağa diqqət ayırsaydı, biz çox məmnun olardıq. Onlar da öz qeydlərini götürdülər və sonra ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən bir neçə şəxslə, o cümlədən də QAT-ın sədri, qaçqınlarla görüş keçirdilər".

QAT-ın sədri Akif Nağı isə AzNews.az-a deyib ki, sözügedən təşkilat barəsində qiyabi məlumatları olub və fəaliyyətlərini o qədər də hiss etməyiblər: "Bizim Türkiyədə fəaliyyət göstərən bir neçə təşkilatla əməkdaşlığımız var və onlardan "Mazlumder" barədə məlumat əldə etmək istədik. Kimsə onlar barədə mənfi fikir səsləndirmədi və diniyönümlü qurum olduğunu bildirdilər. Bizim onlarla görüşümüz təxminən üç saata yaxın çəkdi və Qarabağla bağlı hərtərəfli söhbətimiz oldu. Bizdən qaçqınlarla görüşlərini təşkil etməyi xahiş etdilər və biz də Yasamal rayon ərazisində məskunlaşan qaçqınlarla onların görüşünü təşkil etdik".

A.Nağı onu da əlavə edib ki, ilk dəfə olaraq türkiyəli hansısa təşkilatın Qarabağla bağlı hesabat hazırlamasını görüb: "Mən ilk dəfə idi görürdüm ki, Türkiyədən hansısa təşkilat Qarabağ, qaçqınların vəziyyəti ilə bağlı hesabat hazırlayırdılar. Biz indiyə kimi adətən Avropadan müxtəlif təşkilatların bu məqsədlə gələnləri görmüşük. Onu da deyim ki, bizim görüşümüzdə Azərbaycan hakimiyyətinə qarşı tam loyal bir münasibət gördüm. Ümumiyyətlə siyasi müstəvidə söhbət olmadı və hakimiyyətin bu məsələdəki mövqeyini müzakirə etmədik".

Gültəkin
AzNews.az