Azərbaycan Xocalı aeroportunu məhv edəcəkmi? - RƏSMİ MÖVQE

25 Fevral 2013 12:16 (UTC+04:00)
Dağlıq Qarabağdakı separatçı rejim Xocalı aeroportunu qanunsuz istismara verməkdə israr etsə də konkret addım atmağa cəsarət edə bilmir. Çünki nə Azərbaycan, nə də beynəlxalq qurumlar bunu məqbul saymır. Rəsmi Bakı işğal altında olan Xocalı aeroportunda hər hansı uçuş reallaşarsa onun qarşısını almaqdan çəkinməyəcəyini bəyan edir.

Hətta Azərbaycanda Xocalı aeroportundan istifadənin qarşısını almaq üçün həmin ərazinin məhv edilməsini zəruru sayanlar da var. Bu fikri bölüşənlər hesab edirlər ki, mülki təyyarələri vurmaqdansa Xocalı aeroportunun məhv edilməsi daha optimal yoldur.

Maraqlıdır, rəsmi Bakı belə bir addım ata bilərmi? AzNews.az-ın sualını cavablandıran Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu hesab edir ki, təmsil etdiyi qurum Xocalı aeroportundan istifadə barədə öz mövqeyini bəyan edib, əlavə şərhə də ehtiyac yoxdur: "MN Xocalı aeroportundan istifadə məsələsi ilə bağlı dəfələrlə öz mövqeyini açıqlayıb. Hesab edirik ki, bəyan olunan fikirlər yetərlidir".

Gültəkin
AzNews.az