“Biz insanları narahat edən məsələləri həll etməliyik” - Prezident

16 Noyabr 2017 14:19 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 16-da Abşeron Olimpiya İdman Kompleksinin açılışında deyib.

Prezident bildirib ki, gənc nəslin yetişdirilməsi, hazırlıq prosesinin düzgün qurulması üçün şərait olmalıdır: “Eyni zamanda, onların qarşısında gözəl nümunələr olmalıdır. Onlar da sizin kimi Olimpiya, dünya çempionları olmaq istəyirlər. Beləliklə, bu gün Azərbaycanda idmanın kütləviliyi də təmin edilir. Biz əlbəttə ki, idmançılarımızın uğurları ilə fəxr edirik. Bu, ölkəmizin şöhrətini daha da yüksəklərə qaldırır. Ancaq bununla bərabər, bundan az əhəmiyyət daşımayan məsələ idmanın kütləviliyidir, vətəndaşlarımızın sağlamlığıdır. İdman insan sağlamlığı üçün bəlkə də əsas vasitədir.

Bu gün idman ölkəmizin müxtəlif yerlərində artıq kütləvi xarakter alıb. Mən həmişə tövsiyə edirəm, bu gün də demək istəyirəm, hər bir insan hər gün, hər gün olmasa da, həftədə heç olmasa üç dəfə idmanla fəal məşğul olsun. Bu, insanların sağlamlığı, ümumiyyətlə, ovqatı üçün çox böyük əhəmiyyət daşıyan məsələdir”.

Dövlət başçısı vurğulayıb ki, bu il İslam Həmrəyliyi Oyunları ən yüksək səviyyədə keçirilib və bütün müsəlman aləmində Azərbaycan idmançıları birinci yerə layiq görüldülər: “Avropa məkanında isə biz ikinciyik. Bu, gənc müstəqil dövlət üçün tarixi nailiyyətdir və bu nailiyyəti bizə bəxş edən idmançılardır. Mən çox şadam ki, bu gün burada bir neçə Olimpiya çempionu - Nazim Hüseynov, Elnur Məmmədli, Namiq Abdullayev, Radik İsayev, Toğrul Əsgərov, Zemfira Meftahətdinova və dünya çempionları iştirak edirlər. Onların sayı kifayət qədər çoxdur. Bir sözlə, bax, budur, bizim idmanımızın qələbələri, qalibləri, hər bir ölkə belə idmançılarla fəxr edə bilər.

O ki qaldı Abşeron rayonunun inkişafına, bu rayonda da işlər çox yaxşı gedir. Son illər ərzində böyük quruculuq, abadlıq işləri görülüb, infrastruktur layihələri icra edilir. Rayonda əsas infrastrukturla bağlı problemlər öz həllini tapıbdır. Rayonda 16 yaşayış məntəqəsini əhatə edən 7 yol layihəsi icra edilibdir, qazlaşdırma 100 faizdir, elektrik təchizatı ilə heç bir problem yoxdur. İçməli su problemi də tədricən həll olunur. Mənə verilən məlumata görə, Xırdalan şəhərinin su problemi həll olunubdur. Digər qəsəbələrdə də məsələ öz həllini tapacaq. İş yerləri yaradılır. Abşeron rayonunda 100-dən çox sənaye müəssisəsi fəaliyyət göstərir ki, o müəssisələrdə minlərlə insan işləyir. Sosial infrastruktur yaradılır, bu gözəl Olimpiya Kompleksi, 10-dan çox məktəb tikilib və təmir olunub. Bir sözlə, rayonun hərtərəfli inkişafı üçün çox böyük işlər görülür, yeni parklar, ictimai yerlər yaradılır, binalar təmir olunur. Növbəti sərəncamda təmirə ehtiyacı olan binaların da bərpası nəzərdə tutulur. Bir sözlə, Abşeron rayonu hərtərəfli inkişaf edir, gözəlləşir, abadlaşır. Növbəti illərdə rayonun sosial-iqtisadi inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək.

Biz 2017-ci ili bütövlükdə iqtisadi, sosial, beynəlxalq siyasət sahələrində yaxşı nəticələrlə, uğurlarla başa vururuq. Bir daha göstəririk ki, Azərbaycanda inkişaf dayanıqlıdır və uğurludur. Növbəti illərdə Azərbaycan ancaq və ancaq yüksək sürətlə, böyük uğurlarla irəliyə gedəcək. Qarşıda duran vəzifələr hələ çoxdur. Biz bütün problemləri, insanları narahat edən məsələləri həll etməliyik. Həm Bakının, həm böyük şəhərlərin, ən xırda kəndin də problemi diqqət mərkəzində olmalıdır.

Mən sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm və idmançılara yeni uğurlar arzulayıram. Rayon sakinlərinə isə yeni nailiyyətlər, cansağlığı, əmin-amanlıq diləyirəm. Əminəm ki, Abşeron rayonunda belə gözəl hadisələr çox olacaq”.