QHT-çilər Xocalilə bağlı yeni kampaniyaya başladılar

25 Fevral 2013 18:38 (UTC+04:00)






QHT Əməkdaşlıq Alyansı Xocalı qətliamının 21-ci ildönümü ilə bağlı yerli və beynəlxalq kampaniya çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə 25 fevral tarixində "Park-Bulvar" ticarət mərkəzində təqdimat və açılış mərasimi keçirib.

Mərasimi giriş sözü ilə açan QHT Əməkdaşlıq Alyansının həmsədri Rufiz Qonaqov qeyd edib ki, "kampaniya çərçivəsində hazırlanan materiallar və video-çarxlar öz innovativliyi ilə fərqlənir və indiyə qədər görülmüş fəaliyyətləri təkrarlamır. Hələ keçən ildən Alyansın Xocalı soyqırımı ilə bağlı Facebook üzərindən gerçəkləşdirilən kampaniyası bu il də davam etməkdədir. Yeni kampaniya isə görülən işlərin davamı və mahiyyət etibarilə daha effektiv, konkret nəticələrə hesablanan və mövcud imkanlardan düzgün istifadəni ehtifa edir. Hal-hazırda burada kampaniya çərçivəsində azərbaycan və ingilis dillərində hazırlanan video-çarxlar monitorlarda göstərilməkdədir. Bu video-çarxlar yerli səviyyədə daha çox vətəndaşın Xocalı soyqırımının tanıdılmasında rolunu stimullaşdıracaq və o cümlədən beynəlxalq aləmdə tanıdılmasına yardım edəcək. Həmçinin, burada canlı olaraq ADTGT və AGAT üzvləri olan gənc rəssamlar Xocalı soyqırımını əks etdirən rəsmlər çəkməkdədirlər".

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev qeyd edib ki, bütün vətəndaş cəmiyyəti üzvləri bu kimi milli məsələlərdə həmrəylik nümayiş etdirməli və bu faciənin beynəlxalq aləmdə tanıdılmasına töhvə verməlidir.

Azay Quliyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Xocalı soyqırımının tandıdılmasında dəmir iradə göstərib və onlarla ölkənin bu soyqırımı tanıması birbaşa cənab Prezidentin əməyinin bəhrəsidir. Xocalı soyqırımının tandılmasından danışarkən ölkənin birinci xanımı, H. Əliyev fondunun Prezidenti Mehriban Əliyevanın, H.Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın başladığı "Xocalıya Ədalət" kampaniyasının da verdiyi əvəzsiz töhvələri unutmaq olmaz.

Azərbaycan Respublikasının Prezident Administrasiyası İctimai-Siyasi Məsələlər şöbəsinin baş məsləhətçisi Vüqar Səlimov bu tip tədbirlərin təşklinin vacibliyini vurğulayaraq qeyd edib ki, Azərbaycan Prezidenti və hökuməti bu soyqırımın dünya ölkələri tərəfindən tanınması üçün əlindən gələni edir. Artıq Ermənistanın özü pis vəziyyətə düşüb və bütün dünya onların törətdiyi bu vəhşiliyi şiddətlə qınamaqdadır. Vüqar Səlimov əminliyini bildirib ki, elə bir ölkə qalmayacaq ki, bu soyqırımı tanımasın və əlbəttə, QHT Əməkdaşlıq Alyansının gördüyü bu məqsədyönlü işlər ciddi olaraq töhvəsini verəcəkdir.


"Region" Beynəlxalq Analitik Mərkəzin rəhbəri, Alyansın İH-nin üzvü Razi Nurullayev qeyd edib ki, hazırlanan video-çarxlardan biri, əsasən Azərbaycan üçün nəzərdə tutulub. "Bu qısa video-çarx hər bir Azərbaycan vətəndaşına sosial şəbəkələrdən istifadə edərək Xocalı soyqırımını daha çox xarici vətəndaşlara çatdırılma yollarından bəhs edir. Digər video isə, əsasən, beynəlxalq aləm üçün nəzərdə tutulub və Xocalı soyqırımının dünya ölkələrinin parlamentləri tərəfindən tanıdılmasına xidmət edir. Bu video xaricdə yaşayan diaspora təşkilatları, Azərbaycan QHT-ləri və sadə vətəndaşlar tərəfindən də dünya parlamentlərinin üzvlərinə adbaad göndəriləcək və onlardan Xocalı soyqırımını tanımaq xahiş ediləcəkdir".


QHT Əməkdaşlıq Alyansının həmsədri Yadigar Məmmədli çıxışında vətəndaş cəmiyyəti üzvlərinə və xaricdə yerləşən ölkə nümayəndəliklərimizə çağırış etdi. O dedi ki, vətəndaş cəmiyyəti üzvləri və xarici ölkə nümayəndəliklərimiz bu video-çarxların dünya parlamentlərinin üzvlərinə adbaad göndərilməsində yaxından iştirak etməlidir. Biz ancaq bu yolla onları Xocalı soyqırımı barədə ədalətli mövqe sərgiləməyə vadar edə bilərik.

Alyansın digər həmsədri Rəfail Becanov kampaniyanın özündə yenilikləri əks etdirdiyini bildirdi. Onun sözlərinə görə video-çarxlarda ağlaşma və qan səhnələri yoxdur. Bir çox insanlar qan və ağlaşmaya görə səhnələri izləyə bilmirlər. Alyans isə insanların hisslərinə və məntiqinə yönəlik kadr hazırlayıb və bu fərqlilik müsbət nəticələrə gətirib çıxara bilər.

Mərasimdə çıxış edən digər QHT rəhbərləri, millər vəkilləri və digər iştirakçılar da qeyd etdilər ki, kampaniyanın tərkib elementləri çox zəngindir və bu kampaniya digər dövlətlər tərəfindən Xocalı soyqırımının tanınmasına da ciddi stimul verəcək, ölkədə olan xarici vətəndaşlara və beynəlxalq təşkilatlara məlumatlar çatdıracaq, sosial şəbəkələr üzərindən dünyanın bütün nöqtələrinə nüfuz edə biləcək.

Mərasimdə QHT Əməkdaşlıq Alyansının üzvü olan Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatı (AGAT) və Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) üzvləri kampaniya çərçivəsində Xocalı həqiqətlərini əks etdirən canlı çəkdikləri rəsm əsərlərini nümayiş etdiriblər.

Rəsm sərgisinin təşkilində fəallığına görə Alyans üzvü olan ADTGT və AGAT, Xocalı kampaniyasının təşkilində fəallığına görə Rəqəmsal İnkişaf İB-i QHT Əməkdaşlıq Alyansın diplomu ilə təltif ediliblər.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi İH-nin gənc üzvü Eldar Orucov, AGAT və ADTGT üzvü olan gənc rəssamlar Xocalı faciəsi ilə əlaqədar çəkdikləri rəsmlərə görə diplomlara layiq görülüblər.

AzNews.az