Rüstəm İbrahimbəyovun həbsinə son hazırlıqlar gedir?

26 Fevral 2013 10:39 (UTC+04:00)
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) "Hökumət evi" adlanan binadakı ofisindən çıxarılandan sonra da təzyiqlər dayandırılmayıb. Bundan əvvəl də ittifaqın üzvü Lalə Əfəndiyevaya qarşı vergidən yayınma ilə bağlı cinayət işi qaldırılmış, qurumun sədri, tanınmış dramaturq Rüstəm İbrahimbəyov isə hava limanında saxlanılaraq təzyiqə məruz qalmışdı. Hətta hazırda xaricdə olan Rüstəm İbrahimbəyovun vətənə qayıdacağı təqdirdə həbs olunacağı barədə mediada məlumatlar da yayıldı.

Amma ssenaristin vəkili Fuad Ağayev Rüstəm İbrahimbəyovun həbs olunması üçün heç bir əsasın olmadığını bildirib. O, "Bizim Yol" qəzetinə verdiyi son açıqlamada deyib ki, açılan cinayət işi belə bir həbsi istisna edir. Buna baxmayaraq "Bizim Yol"u məlumatlandıran mənbə AMEA-nin sabiq prezidenti Eldar Salayevin həbsini və bir müddət əvvəl ittifaqın katibi vəzifəsindən istefa vermiş, xalq artisti Rasim Balayevin açıqlamasını xatırladaraq bunun mümkünlüyünü istisna etməyib:

"Kim inanardı kİ, hakimiyyət akademik Eldar Salayevi həbs edib aylarla MTN-in təcridxanasında saxlayacaq? Amma bunlar baş verdi. Ona görə də sadəlövh olmayaq, ikincisi, Rasim Balayev müsahibələrinin birində demişdi ki, onu sorğu-sual edəndə, müəyyən sənədlər göstərib imzasının olub-olmadığını sormuşdular. O, da cavab vermişdi ki, aktyor adamdır, sənəd işlərindən o qədər də anlayışı yoxdur. Bax, bu açıqlama gələcəkdə Rüstəm müəllimin əleyhinə istifadə oluna bilər".

Mənbə dünən tanınmış aktyor və rejissor Ramiz Əzizbəyli, prodüser Aydın Abdullayev və "kaskadyor" Əli Məmmədovun da ittifaqdan istefa vermələri haqqında ərizə yazdıqlarını bildirib. Başlanan istefa ərizələrinin yığılması prosesində isə Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin direktoru Cahangir Məmmədovun "xidmətləri"nin olduğu bildirilir.

Bütün baş verənlər isə hansısa qorxunc ssenarinin hazırlanmasından xəbər verir.

AzNews.az