"Kiçik Akademiya"nın hesabat tədbiri keçirilib - Foto

25 Noyabr 2017 19:59 (UTC+04:00)

AzNews.az Missiya.az-a istinadən xəbər verir ki, noyabrın 24-də 232 saylı məktəbdə yaradılmış "Kiçik Akademiya"nın bir illik hesabatına dair tədbir keçirilib. Məktəbdə yaradılmış "Kiçik Akademiya"nın məqsədi məktəbin istedadlı şagirdlərinin fəaliyyətini məqsədyönümlü şəkildə inkişaf etdirmək, yüksək intelektə malik yeni nəsli formalaşdırmaqdır. Şəhid Dilavər Məmmədzadənin adını daşıyan məktəbin "Kiçik Akademiya"sının prezidenti riyaziyyat müəllimi Günel İsmayılova, vitse-prezidenti informatika müəllimi Aynur Əkbərova, katib biologiya müəllimi Fərqanə Əkbərovadir. "Kiçik Akademiya" 4 kafedra üzrə fəaliyyət göstərir: Humanitar, Texniki, Təbiət və Estetik fənlər kafedrası. Tədbirdə çıxış edən məktəbin direktoru Məhluqə Əzizova “Kiçik Akademiya”nın yaradıcılıq və elmi-tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin üzvlüyü əsasında məktəbdə yaradılan ictimai birlik olduğunu qeyd edib. Direktor qeyd edib ki, “Kiçik Akademiya”nın təşkilində əsas məqsəd yerli və respublika səviyyəsində istedadlı şagirdlərimizlə aparılan işlərin tənzimlənməsinə, bu sahədə səmərəli fəaliyyət mexanizmi yaradılmasına köməklik göstərməkdən, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsini təmin etməkdən ibarətdir. “Təhsil Nazirliyinin əmrinə əsasən məktəblərdə "Kiçik Akademiya" təsis olunub.

“Məktəbimizdə bu gün "Kiçik Akademiya"nın bir illik hesabatına dair tədbir keçirildi. "Kiçik Akademiya"nı təşkil etməkdə məqsəd məktəbin istedadlı şagirdlərinin fəaliyyətini məqsədyönlü şəkildə inkişafına kömək etmək, yüksək intelektə malik yeni nəslin formalaşmasına xidmət etməkdən ibarətdir. Şagirdlərin özünü təsdiqi, inkişafında, elmi- tədqiqat işinin aparılması yollarını öyrənməkdə, öz bacarıqlarını nümayiş etdirməkdə "Kiçik Akademiya"nın əhəmiyyətli rolu olacaq”, - deyə Məhluqə Əzizova bildirib.

"Kiçik Akademiya"nın təbiət fənləri üzrə üzvü 8-ci sinif şagirdi Türkanə Əliyeva "Alternativ enerji", humanitar fənlər- Şəlalə Əliyeva (9"A") "Atəşgah" və Orxan Kərimli (8"B") "Oxu tar", texniki fənlər - Taleh Həsənov (11"A") "Rar və Zip proqramlarının şifrəsinin sındırılması", İranə Mirzəzadə( 5"B") "Əlverişli vurma üsulları", estetika kafedrası Sənanə Əzimova "Xarı bülbül" (8"A") mövzusunda tədqiqat işlərini tədbirdə təqdim ediblər. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumtəhsil şöbəsinin baş məsləhətçisi Camal Bağırov, Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə elmlər doktoru Etibar Bədəlov, Saray 2 saylı məktəbin direktoru Fikrət Balakişiyev, İnformatika müəllimi Gülnarə Bayramova, 97 nömrəli məktəbin direktor müavini Fəridə Haqverdiyeva, 85 nömrəli məktəbin direktor müavini Vəli Məmmədov, 226 nömrəli məktəbin direktoru Qardaşxan Səlimov, 182 nömrəli məktəbin kimya müəllimi Zərövşən Ömərova, 208 nömrəli məktəbin Uşaq birliyi rəhbəri Təranə Əliyeva, 84 nömrəli məktəbin xarici dil müəllimi Solmaz Əsgərova iştirak edib.