Xocalı zəngi...

26 Fevral 2013 13:35 (UTC+04:00)
Nurşən Quliyev

Gecə yarısı telefona zəng gəldi. Dəstəyi atam götürdü. İki-üç kəlmə danışdı, dəstəyi qoyub, çökdü kişi... "Rizvanıydı, deyir, ermənilər Xocalını dağıdıb, camaatı qırıblar. Ağdama gedirik" söyləyə bildi. Hamı bir anlıq dondu qaldı, nə baş verdiyini anlamağa çalışdı. Mənsə həmən "mən də gedirəm" qışqırdım. Kişi "onda, tələs" dedi. Atamın dostu, əslən Xocalıdan olan Rizvan əmini də götürüb, gecəykən Ağdama yol aldıq.

Ağdama çatanda 26 fevralın səhəri yeni açılırdı. Şəhər qan, yas içindəydi. Ağdam məscidində iynə atsan yerə düşməzdi. Meyitləri maşınların yük yerində gətirirdilər məscidə… Gözləri çıxarılmış, döşü, başı, əlləri, ayaqları kəsilmiş körpə, qadın, qoca, cavan meyitləri, qan, yaxınlarını, əzizlərini itirənlərin, axtaranların göz yaşları, fəryadı… Bu idi 26 fevral səhəri Ağdam məscidində gördüklərim. O mənzərəni ifadə eləməyə söz aciz qalır.

Mən heç vaxt unuda bilməyəcəyim dəhşəti, əllərini, ayaqlarını don vurmuş, yarasından qan süzülə-süzülə dizin-dizin iməkləyən qadını orda gördüm, balasını itirmiş ananın fəryadını mən orda eşitdim. O fəryadı musiqinin heç bir notu ifadə eləyə bilməz. O gecəni yaşamış insanların sifətindəki dəhşəti ancaq görməklə anlamaq olar, nə desən, boşuna...

Yaralıları Ağdam xəstəxanasına gətirirdilər. Həkimlər, tibb bacıları, elə camaatın özü nə gəlirdi əlindən edirdi onların yaralarını, sınmış, qırılmış, əl-ayaqlarını sarımaq üçün. Amma sarılması, qanının durdurulması mümkün olmayan yaralar ürəklərə, sinələrə vurulmuşdu...

Bu qədər şahidi, bu qədər şəhidi olan Xocalıya susan dünyadan hansı ədaləti umuruq biz?..
---
Lent.az