Kinodramaturqdan ABŞ konqresmenlərinə açıq məktub

26 Fevral 2013 13:58 (UTC+04:00)


Bu gün kinodramaturq Ramiz Fətəliyev Xocalı soyqırımı ilə bağlı ABŞ konqresmenlərinə açıq məktub yazıb.

APA-nın məlumata görə, Ramiz Fətəliyev "facebook" səhifəsində yazıb ki, tamamilə perspektivsiz və utopik məqsədlə də olsa, bu tarixi hadisəni ABŞ konqresmenlərinin diqqətinə çatdırır.

Ramiz Fətəliyev məktubunda yazır: "21 il əvvəl Xocalı hadisələrinin araşdırılması ilə bağlı yaradılmış parlament-təhqiqat komissiyasının sədri seçilmişəm. Komissiya üzvləri 250 gün fasiləsiz çalışıb və bu təhqiqatın nəticələri millət vəkillərinə təqdim edib. Bu məsələ barədə məlumatlıyam. Ancaq mən vicdanlı insanları şoka salacaq məlumatlarımı, fakt və rəqəmləri bəyan etmək fikrindən uzağam. Sadəcə, əsas məsələləri yada salacağam. Fevralın 25-dən 26-a keçən gecə minlərlə Xocalı sakini doğma torpaqlarından qovulub, əsir götürülüb, Ermənistanın hərbi birləşmələri və Rusiyanın bir motoatıcı polku tərəfindən vəhşicəsinə məhv edilib. Rəsmi məlumatlara görə, həmin gecə 613 nəfər öldürülüb. Ancaq mən başımla cavabdehəm ki, öldürülənlərin sayı 700 nəfərdən az deyil, çünki 155 nəfər itkin düşən var. Ancaq rəsmi protokoldan kənara çıxmıram və onların sayını 613 nəfər təqdim edirəm".

Ramiz Fətəliyev Azərbaycanda çoxlarının Amerika kino sənətini sevdiyini bildirib: "Biz dünən, yerli vaxtla səhər saatlarında "Oskar" mükafatlarının növbəti təqdimatı mərasiminə baxdıq. Mən də baxdım. Birdən köhnə bir Amerika filmi yadıma düşdü. Filmin adını, çəkilən aktyorların adlarını yazıb sizi yormaq istəmirəm, süjetini nəzərə çatdırıram. Filmdə iki ağdərili kişi Afrika əsilli məktəbliyə işgəncə verir, onu körpüdən atır. Ancaq o, sağ qalır. Uşağın atası həmin iki nəfəri tapır və öldürür. Onu sərt cəza gözləyir. Məktəblinin atasının vəkili ağdərili olur. 12 andlı və hakim də ağdərili olur. Bu, real baryerdir. Vəkil işə ciddi və qüsursuz hazırlaşır, hadisənin bütün incəliklərini və nüanslarını öyrənir. Ancaq onu da başa düşür ki, məhkəmədə real baryeri aşa bilməyəcək. Buna görə də vəkil hüquqi praktikada korrekt sayılmayan bir addım atır. Vəkil məhkəmədə çıxışını müdafiə etdiyi şəxsin mənəvi durumu, eyni zaman qızın yaşadıqlarının onun gələcək həyatına təsiri əsasında qurub. Daha sonra andlılara üz tutur və deyir ki, "cənablar, təsəvvür edin ki, o, ağdərilidir". Bundan sonra andlılar bəraət qərarını dəstəkləyirlər. Cənab konqresmenlər, artıq sizlərdən çoxu artıq başa düşdü ki, mən nə demək istəyirəm. Mən özüm də şüurlu həyatım boyu kinoda çalışmışam və real həyatla filmlər arasındakı fərqi bilirəm. Artıq ¼ əsrdir ki, Xocalıda öldürülən günahsız insanların və xalqımın digər qurbanları bizim ürəyimizdə döyünür. Ona görə də özümü saxlaya bilmədim və bu məktubu yazdım. İndi təsəvvür edin ki, həmin 613 nəfər amerikalıdır...".