17 yaşlı gənci ögey anası öldürüb? - Baş Prokurorluqdan açıqlama

1 Dekabr 2017 17:00 (UTC+04:00)

AzNews.az-a daxil olan, məlumatda bildirilib ki, həmin informasiyalar Baş Prokurorluq tərəfindən qəti şəkildə təkzib olunur: “Bununla əlaqədar bildiririk ki, Nəsrəddin Daşdəmirov 2 oktyabr 2017-ci il tarixdə ağır vəziyyətdə “ağ ciyərlərin infiltrativ vərəmi, tənəffüs çatmamazlığı” diaqnozu ilə Bakı şəhərində yerləşən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna daxil olmuş və xəstəyə müvafiq tibbi yardımların göstərilməsinə baxmayaraq 3 oktyabr 2017-ci il tarixdə orada vəfat edib.

Faktla bağlı Nizami rayon prokurorluğunda tam, hərtərəfli və obyektiv araşdırma aparılıb, zəruri prosesual hərəkətlər yerinə yetirilib, o cümlədən məhkəmə-tibbi ekspertizası təyin edilib.

Ekspertizanın rəyi ilə müəyyən edilib ki, Nəsrəddin Daşdəmirovun meyiti üzərində hər hansı bir xəsarət aşkar edilməyib, onun ölümünə səbəb ağciyərlərin iki tərəfli virus mənşəli fəsadlaşmış, irinli hemorragik pnevmoniyası ilə əlaqədar baş vermiş kəskin tənəffüs çatmamazlığı olub.

Mərhumun ölümü ilə bağlı cinayət hadisəsi olmadığına görə rayon prokurorluğunda 3 noyabr 2017-ci il tarixdə cinayət işinin başlanmasının hissəvi rədd edilməsi haqqında qərar qəbul edilib.

Həmçinin, Nəsrəddin Daşdəmirovun ögey anası tərəfindən döyülməsi ilə bağlı məlumatların araşdırılması üçün material ərazi aidiyyəti üzrə Qusar rayon prokurorluğuna göndərilib və hazırda həmin hissə ilə bağlı tam, hərtərəfli və obyektiv araşdırma aparılır.

Kütləvi informasiya vasitələrinin nümayəndələrindən xahiş edilir ki, həqiqətə uyğun olmayan məlumatların yayılmaması və bu kimi halların gələcəkdə təkrarlanmaması məqsədilə həmin məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünü Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirsinlər”.

AzNews.az