Fəvvarələr meydanında növbəti “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası açılıb

1 Dekabr 2017 22:20 (UTC+04:00)

AzNews.az istinadən xəbər verir ki, yarmarka 2018-ci il yanvarın 15-dək davam edəcək.

Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin yaxınlığında səhnə qurulub. Səhnədən ətrafa oynaq musiqi sədaları yayılır. Kiçik taxta köşklərdə qonaqlara suvenirlər, şirniyyat, ətriyyat, oyuncaqlar, yolka bəzəkləri və s. təklif olunur.

“Nargis Fund”un icraçı direktoru Nərmin Əliyeva bildirdi ki, artıq beşinci ildir keçirilən xeyriyyə yarmarkasından toplanan vəsait ənənəyə uyğun olaraq, xeyriyyə işlərinə sərf ediləcək. “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasına təkcə paytaxt sakinləri deyil, dünyanın müxtəlif guşələrindən Bakıya gələn qonaqlar da böyük maraq göstərirlər. “Nargis Fund” yarmarkanın sponsorları ilə birgə müalicə və əməliyyata ehtiyacı olan uşaqlara, eləcə də aztəminatlı ailələrə yardım göstərəcək. Yarmarkanın əsas qonaqları olan uşaq evlərinin sakinlərini məşhur insanlarla görüş, sevimli ifaçıların çıxışı, sponsorlardan ənənəvi suvenirlər, şirniyyat və hədiyyələr gözləyir. Ümumilikdə, Fəvvarələr meydanında 46 kiçik taxta “evlər” təsis edilib. Buradan hər kəs yaxınları və əzizləri üçün Yeni il hədiyyələri, suvenirlər, kitablar, geyim, şirniyyat və s. əldə edə, kiçik rahat kafelərdə ətirli qəhvə, isti şokolad və ya çay içə, təzə şirniyyatdan və milli yeməklərdən dada bilər. Builki tədbir miqyasına, əyləncəli tədbirlərinə və çoxsaylı sürprizlərinə görə əvvəlkilərdən daha fərqli və yaddaqalan olacaq.