Bostonda erməni işğalına qarşı etiraz aksiyası keçirilib

3 Dekabr 2017 14:48 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, adətən Vaşinqtonda keçirilən tədbir bu dəfə Amerika Erməni Milli Komitəsinin (AEMK) şərq bölməsi tərəfindən Bostonda təşkil edilib. Qarabağın azərbaycanlı əhalidən etnik təmizlənməsini və beynəlxalq hüququn başqa amansız pozuntularını bayram edən növbəti şounun gedişində erməni lobbisinin nümayəndələri erməni icmalarının mövcud olduğu seçki dairələrini təmsil edən bəzi Amerika qanunvericilərinə mükafatlar verməyi qərara almışdılar.

“Qala-şou”nun əsas qonağı 70 mindən çox erməni yaşayan Massaçusets ştatından senator Ed Marki idi. Senator Marki erməni lobbisinə və ABŞ-ın maraqlarına zidd olan Ermənistanın milli maraqlarına göstərdiyi xidmətlərə görə AEMK tərəfindən əla qiymət alıb.

Oyuncaq rejimin şərəfinə keçirilən yığıncaqla eyni vaxtda, həmin binanın qarşısında Bostonun Azərbaycan icması tərəfindən təşkil edilmiş etiraz aksiyası keçirilib. Bu aksiyada Bostonun və onun ətraflarının Azərbaycan və türk icmalarının üzvləri iştirak ediblər. Nümayişçilərin əllərində tutduğu plakatlarda Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında faktlar, işğalın nəticələrini əks etdirən statistik məlumatlar, Ermənistanın vassallığı, onun müstəqil siyasi kursunun olmaması, Xocalı qətliamı haqqında məlumatlar ermənilərin “şou”sunun iştirakçılarının və bu tədbirin azsaylı qonaqlarının diqqətinə çatdırılıb.

Aksiyanın iştirakçıları “Azərbaycana qarşı erməni terrorunu dayandırın!”, “Heç kəs unudulmayacaq, heç nə yaddan çıxmayacaq”, “Ermənistan, Azərbaycandan rədd ol!”, “Xocalı qətliamı bir daha təkrar olunmamalıdır!”, “Ermənistan işğal edilmiş Qarabağdan yüz minlərlə azərbaycanlını qovub”, “Ermənistan etnik təmizləmədə günahkardır”, “Ermənistana ar olsun!”, “Xankəndidəki oyuncaq rejim rədd olsun!”, “Azərbaycan torpaqlarından əl çək!” məzmunlu şüarlarla çıxış ediblər.

Erməni lobbi təşkilatları artıq bir neçə həftə idi ki, qanunvericilərə məktublar göndərir, onları şirnikləndirərək bu tədbirə dəvət edirdilər. Buna baxmayaraq, onların səyləri nəticə verməyib. ABŞ Azərbaycanlılar şəbəkəsi ABŞ qanunvericilərini erməni təcavüzü haqqında məlumatlandırmaq üçün yazılı kampaniya keçirib və Konqresin nümayəndələrini oyuncaq rejimi ABŞ-da reklam edən erməni lobbi təşkilatlarının çağırışlarına əhəmiyyət verməməyə və ABŞ-ın milli maraqlarına uyğun Ermənistanı ittiham etməyə çağırıb.