Rus qadının hicaba bürünməsi Moskvanı qarışdırdı

27 Fevral 2013 10:33 (UTC+04:00)



Moskvada azərbaycanlı və rus ailələri arasında baş vermiş və səbəbi həddindən artıq məzəli təsir bağışlayan münaqişə mətbuatın gündəmini zəbt edib. Rusiya mətbuatının yazdığına görə, münaqişə həyətdəki pişiklər üzündən başlayıb və əlbəyaxa davaya qədər uzanıb.

Belə ki, Olqa Seniçkina adlı rus qadın həyətdəki sahibsiz pişiklərin azərbaycanlı qonşusunun oğlu Həsən tərəfindən incidildiyini, eyni zamanda həmin azərbaycanlının onu və həyat yoldaşını döydüyünü iddia edib. Rusiya mətbuatı isə bu barədə öz bloqunda yazan qadınla maraqlanıb. Hətta ona gələn şərhlərdə bəziləri azərbaycanlının ev ünvanını istəyərək bu ailəyə "dərs vermək" istədikləri qeyd ediblər.

Bundan sonra isə polisə müraciət etdiyini deyən qadından müsahibə götürən "Komsomolskaya pravda"nın müxbiri azərbaycanlı ailənin üzvləri ilə də görüşüb. Qəzetin araşdırmalarından sonra isə bəlli olub ki, həmin ailənin başçısı azərbaycanlı olsa da xanımı moskvalıdır və milliyyətcə rusdur. İki övladları olan ailənin qonşularla probleminin səbəblərinə isə azərbaycanlının qaynanası aydınlıq gətirib. Qadının dediyinə görə, insanlara milliyyətinə görə yox, xarakterinə görə qiymət vermək lazımdır:

"Hər şey Svetanın (azərbaycanlı kişinin həyat yoldaşı- müəllif) islamı qəbul etməsindən və başını bağlamasından sonra yarandı. Bundan sonra bütün qonşular narazılıqlarını bildirməyə başladılar".

Hazırda azərbaycanlı tərəfindən döyüldüyünü iddia edən qadının şikayətini isə polis araşdırır. Azərbaycanlı isə rus qadını döymədiyini, sadəcə oğlunu qorxutduğu üçün kənara itələdiyi zaman əlinin qadının sifətinə dəydiyini bildirib.

Elnarə Əlosmanqızı
AzNews.az