“Ermənistan ərazisində qaçqın adı ilə terrorçuların mövcudluğu konstatasiya edilib”

4 Dekabr 2017 11:12 (UTC+04:00)

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Minsk sammitində dövlət başçılarının imzaladığı bəyannamədə maddələrdən biri terrorçu yaraqlıların qaçqın adı ilə dövlətlərin ərazisinə daxil olma taktikasını seçə bilməsidir. Xarici yaraqlı-terrorçuların aşkarlanıb zərərsizləşdirilməsi üçün dövlətlərarası əməkdaşlığın gücləndirilməsini, eləcə də transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin təkmilləşdirilməsini təklif edir. KTMT dövlət başçılarının qəbul etdiyi bu maddə yalnız Ermənistana aiddir. Ermənistan Yaxın Şərq regionundan rəsmi məlumata görə 22 min qaçqın qəbul etmiş yeganə KTMT və MDB üzvüdür. KTMT və eləcə də MDB məkanının heç bir dövlətinin ərazisinə Yaxın Şərqdən bu qədər qaçqın gəlməyib. Hər bir dövlətə gələnlər bir neçə 10 nəfərdir. Həmin dövlətlərin müvafiq strukturları bu adamları daim nəzarətdə saxlaya bilirlər. Bu kontekstdə digər baş verənlər diqqət çəkir:

I. Rusiyanın Ermənistandakı hərbi bazasına qarşı planlı təzyiqlər başlanıb; RF hərbçilərinin təlimi kənd təsərrüfatı işlərinə maneçilik edir.

II. Rusiya hərbi hissəsində iki hərbçinin itkin düşməsi ilə bağlı məlumatlar var.

III. Bir neçə ay öncə Rusiya hərbçisi heç nəyin üstündə öldürüldü. Sonradan bəlli oldu ki, qatil Yunanıstandan gəlmiş və Suriya mənşəli, İslamı qəbul etmiş xristiandır.

IV. Rusiyanın Ermənistanda keçirdiyi son hərbi təlimi ölkə daxilinə soxulmuş qeyri-formal silahlı qüvvələrin ləğvinə həsr olunmuşdu. Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması Avropa İttifaqı və Ermənistan rəhbərliyi arasında dəfələrlə müzakirə olunub. Hazırda AİK-in sədri, bir az əvvəl Ermənistanın ABŞ-dakı səfiri, daha əvvəl Ermənistanın baş naziri postunda olarkən Tiqran Sərkisyan rus bazasının Ermənistan ərazisindən çıxarılmasının mümkünlüyünü iki dəfə “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində Aİ rəhbərliyi ilə müzakirə etmişdi.

Ermənistan ərazisinə Suriyadan gələn qaçqınlarla bağlı daha iki məsələ Rusiya tərəfindən təhlükə kimi qəbul edilə bilər:

I. Əgər gələnlər ermənidirsə, deməli, bu erməniləri Ermənistan dövləti məskunlaşdırmalıdır. Bunun üçün Ermənistanda “Evə qayıt” adlı xüsusi dövlət proqramı mövcuddur və fəaliyyətdədir. Suriyadan gələnlərin Ermənistanda məskunlaşmasını Aİ və ABŞ tərəfdən maliyyələşdirilməsi isə digər məqsədlərdən xəbər verə bilər.

II. Gələnlərin bir qismi döyüş təcrübəsinə malik şəxslərdir. Ölkə daxilində “qeyri-formal silahlı birləşmələr” terminini RF vəziyyətə şamil edə bilər.

Suriya ermənilərinin böyük bir qismi Dağlıq Qarabağda məskunlaşdırılıb. Rusiyalı erməni iş adamlarının Dağlıq Qarabağa marağının artması da diqqətdədir.

Ermənistana təkcə Yaxın Şərq regionundan ermənilər deyil, digər millətlərin təmsilçilərinin gəlməsi istisna deyil.

Ermənistan region üçün təhlükə mənbəyidir.

Hərbi qüvvənin iştirakı olmadan Rusiya Ermənistana nəzarət edə bilməyəcək. Alternativ variant Ermənistanın Kalininqrad statusu ilə RF-nin tərkibinə qatılmasıdır".