Ağbirçəyin saqqal darağı

27 Fevral 2013 12:17 (UTC+04:00)


Əziz Rzazadə

Ağsaqqallar Şuramız var. Növbədə, deyəsən, Ağbirçəklər Şurasıdır.

Məsəl var: "Saqqalım yoxdur, sözüm keçmir". Yəqin, bunu məhz ağbirçəklər haqda deyiblər. Amma təşəbbüsdə bulunan qadınlar güman edirlər ki, söz sahibi olmaq üçün saqqala ehtiyac yoxdur. Saçın bir ovuc teli ağardımı, vəssalam, külli-ixtiyar səndədir.

Söz yox, qadının fəallığı yaxşı əlamətdir. Amma Məşədi İbad demişkən, mən bunu çox müşahidə etmişəm, fəal qadınların əksəri öz şahlığında – ailədə, məişətdə karagəlməz olurlar. Yəqin, elə bu səbəbdən də ictimai həyata qatılırlar. Bəlkə bu sferada ulduzları parladı deyə.

Deyiləsi bir mətləb də var: deyək ki, lap Ağbirçəklər Şurasını yaratdılar. Bu, ağbirçək yaşında olan qadınlara nə verəcək? Bir faydasın görəcəyik ki, ağbirçəyin yaratdığı təşkilatdan şövqə gələk?

Bu sayaq təşəbbüslər mənə həmişə yaxın keçmişimizi xatırladır. Yox, həqiqətən 20 və 30-cu illərin havası hələ də başımızdan çıxmayıb. Hamı doğulduğu gündən siyasi kimliyini müəyyən etməlidir; hamı ömrünün son saniyəsinədək hansısa təşkilatda təmsil olunmalıdır. Məsələn, gərək hökmən bağçaya gedəsən, azca böyüyüb oktyabrat olasan, sonra pioner, daha sonra komsomolda fərqlənəsən, lap axırda kommunist partbileti ilə Ağsaqqallar Şurasına yazılasan. Əvvəlcə sənə ağıl verilə, sonra lazımi davranış tövsiyə oluna, daha sonra hamının gözündə nümunəyə çevrilə və axırda mətin və sədaqətli təşkilat üzvü kimi qəbirə girəsən.

Həyatı dolu, könül istəyən şəkildə yaşamaq haqqın olmayan illər, bihudə ömür!

Sözlə çatdırılası dərdi bəyəm!? 21-ci yüz ilin ilk onilliklərində Azərbaycanı hələ də həm feodalizmin, həm də feodal sosializmin məngənəsindən çıxmağa qoymurlar. Sıralarında bircə boş yer olmayan zal, gurultulu və sürəkli alqışlar, yekdil qərarlar... 70-ci illərə xas bu mənzərəni indi də görərkən düşünürsən ki, yəqin, Zaman dayanıb, əsri adlamamışıq, elə əvvəlki minillikdəyik. Nə qədər yenilikdən, çağla ayaqlamaqdan danışsaq da, feodal-sovet qabığından çıxa bilmirik. Keçmişin kölgəsi lap ildən-ilə şəklini dəyişən qrip kimi canımızdan əl çəkmir.

Keçmiş – əlbəttə, bir dərsdir, Tarix də – müəllim. Keçmişin bir qalığı vardı ki, ötən həftə onun bərpasına yaman sevindim. Ağdamın Cümə məscidində azan deyilməsi təşəbbüsü kimindir, bilmirəm. Bəlkə də təşəbbüsün müəllifi də tarixin bu səhifəsindən xəbərsizdir ki, qanlı-qadalı savaşda azan oxunmasının Azərbaycanda qədim-qaim ənənəsi vardı. Tarix şahidlik edir ki, sonuncu dəfə bu, İrəvanda baş verib. XIX əsrdə. Şəhəri dörd dəfə mühasirəyə alıb fəth etmək istəyən çar qoşunlarına müdafiəçilər ilk olaraq azanla cavab verirmiş. Hücum hansı istiqamətdən başlayırmışsa, həmin məhəllənin məscidindən azan verilirmiş. Sonra da o biri məscidlərin uca minbərlərin həmahəng "Allahu Əkbər" sədası yüksəlirmiş...

Mən o dövrün şahidlərindən olmuş və İrəvan mühasirəsində iştirak edən rus zabitinin xatirələrini oxumuşam. Yazır ki, hücum başlayan kimi azan verilir və əsgərlərim psixoloji narahatlığa düçar olurdu. Nəticədə hər dəfə uğursuzluqla qala divarlarından geri çəkilirdik...

Kaş bütün təşəbbüslər, keçmişin bütün unudulan adətləri bu cür olaydı. Yəni ictimai fayda gətirəydi. Yoxsa ki bekar, həyatda yerini tapmayan adamlar hərdən elə "yenilikləri" cəmiyyətə sırıyır ki, istər-istəməz yada bu məsəl düşür: "Bircə saqqal darağımız çatışmırdı..."