Dədələrimiz küssələr də…
27 Fevral 2013 12:42 (UTC+04:00)
İlham Tumas
Hər şey bugünkü kimi yadımdadır. Necə oldu ki, Xocalı qırğınından sonra iki yüz, üç yüz tələbə ali məktəbin qarşısına yığıldı və tələb elədi ki, döyüşə getmək istəyirik; necə oldu ki, bizim bu tələbimiz bəyəniləndə həmin bir neçə yüz adamdan cəmi 40 tələbə qaldı; necə oldu ki, həmin 40 tələbə Azərbaycanın döyüş gedən bölgələrinə dağıldılar və necə oldu ki, mayın əvvəllərində ilk döyüşə girdik və həmin may günündə başa düşdük ki, doğrudan da, qanın tərkibi dəmirlə zənginiymiş, demək olar ki, eyni qoxulardır.
Hər şeyi yaxşı xatırlayıram: necə oldu ki, əməllərimizdən incik atalarımız bizi yola salmaq üçün deyil, "qaçaq-quldura" qoşulub-qoşulmamağımızı yoxlamaqdan ötrü vağzala yığışdılar…
Hərdən mənə elə gəlir ki, o günlərdən bəri bizdə heç nə dəyişməyib: necə ki, o vaxtın döyüşçülərinə yaxşı bir ad tapmışdılar, eləcə də indi döyüş arzulayanlara eyni yarlığı yapışdırırlar: dədəsindən küsənlər!
Yəqin ki, Azərbaycanın bütün dədələri döyüşlərə gedən oğullarından küsürlər. Bir tərəfə baxanda, dədə neyləsin axı? Adətən dədələr dünya görmüş adamlar olurlar, bilirlər ki, oğul döyüşməkdənsə, gedib yaxasına "Pilsener" yazılmış "fartuk" geyinib bir ingilisin, ya fransızın qabağına bir parç pivə qoyaraq, "Please, mister, zəhərin olsun" desə yaxşıdı. Ancaq "dədəsindən küsənlər" bunun əvəzinə gedib yerlə-göylə əlləşirlər. Onların tay-tuşları burada məktəb oxuyanda, alim olanda, qalstuk taxıb siyasətə qoşulanda, onlar dağda-dərədə canlarını və sağlamlıqlarını, vaxtlarını itirirdilər. Ona görə də bir tərəfə baxanda dədələrinin onlardan küsməyə haqları vardı.
Ancaq hələ hər şey itirilməyib. Biz dədələrimizin könlünü yenidən ala bilərik: yenidən savaş yolunu tutmaqla hər şeyi əvvəlki xoş zamanlara qaytarmaq mümkündür. Əsl mübarizə və döyüş isə ona deyərlər ki, dədələr "sərsəm" oğullarından küsməsinlər, əsl oğul ona deyərəm ki, vətənin xoşbəxtliyini öz xoşbəxtliyi, faciəsini isə öz faciəsi kimi qəbul edə bilsin...
Yadımdadır ki, o vaxtlar biz öz aramızda döyüşdüyümüz orduya "Bahar Ordusu" deyərdik. Burada hər şey bahar qoxulu idi: tankların tırtılları altından əzilən otlardan tutmuş, insanların nəfəslərinə və qələbələrimizə qədər hər şey bahar qoxusu verirdi.
Biz həmin may günündən düz 21 il sonra bahar qoxulu o torpaqlara qayıdacaq Bahar Ordusunun təntənəli gedişinə inanan və gözləyən döyüşçülərik…
Dədələrimiz bizdən yenə incisələr belə...
---
Lent.az