Deputatlar bu halda mandatdan məhrum ediləcək

6 Dekabr 2017 16:37 (UTC+04:00)

APA-nın məlumatına görə, bununla bağlı Seçki Məcəlləsinin 175-ci (Milli Məclisin deputatının mandatdan məhrum edilməsi haqqında qərarın qəbul edilməsi) maddəsinə əlavələr edilir.

Layihəyə görə, maddənin 3-cü bəndində bildirilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 2, 4 və 5-ci bəndləri ilə yanaşı, 6-cı və 7-ci bəndlərində də göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən qəbul ediləcək.

Deputat MSK-nın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

Xatırladaq ki, Konstitusiyanın 89-cu maddəsinin 6-cı və 7-ci bəndi müvafiq olaraq aşağıdakı kimidir:

6-cı bənd: deputat Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini (Azərbaycan Respublikası Milli Məclisinin deputatları səsvermə hüququnu şəxsən həyata keçirirlər) pozduqda;

7-ci bənd: deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçirilən iclasında müzakirəyə çıxarılacaq.

AzNews.az