“Müvafiq dövlət qurumlarına dəfələrlə ciddi tapşırıqlar vermişdim” - Prezident

7 Dekabr 2017 17:44 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu prezident İlham Əliyev Quba “ASAN həyat” Kompleksinin açılışında bildirib.

Dövlət başçısı “ASAN”da çalışanların mütləq əksəriyyətinin gənclər olduğunu və bu mərkəzdə 170 gəncin işlə təmin olunduğunu vurğuıayıb: “40-dan çox könüllü fəaliyyət göstərəcək. Beş il ərzində 10 mindən çox könüllü “ASAN xidmət”də fəaliyyət göstərmişdir. Yüzlərlə könüllü artıq işlə təmin olunubdur. Azərbaycanda könüllülər hərəkatına təkan verən də “ASAN” olmuşdur. Həmin könüllülər ölkəmizdə keçirilmiş mötəbər beynəlxalq yarışlarda – Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında böyük xidmətlər göstərmişlər. Ümumiyyətlə, könüllü olmaq çox böyük və şərəfli missiyadır. Bu, insanın niyyətini göstərir. Onu göstərir ki, insan öz vətəndaşlarına təmənnasız gözəl xidmət göstərməyə çalışır. Hesab edirəm ki, ölkəmizdə “ASAN xidmət”ə, o cümlədən könüllülərin fəaliyyətinə görə çox böyük rəğbət var”.

Prezident qeyd edib ki, bu ilin 10 ayında Azərbaycana gələn turistlərin sayı 20 faiz artıb: "Bilirsiniz ki, biz indi turizmin inkişafı ilə çox ciddi məşğuluq. Keçən il turistlərin sayı 24 faiz artmışdır. Turistlərin gəlişini əngəlləyən əsas məsələ viza məsələsi idi. Mən əvvəlki dövrlərdə müvafiq dövlət qurumlarına dəfələrlə ciddi tapşırıqlar vermişdim ki, viza məsələsində çox ciddi islahatlar aparılmalıdır. Ancaq o islahatlar yarımçıq qalmışdı. Biz bu məsələni “ASAN”a tapşırdıq. Bu gün mənə məlumat verilir ki, bu ilin əvvəlindən 250 min xarici vətəndaş “ASAN viza”dan istifadə edərək ölkəmizə gəlmişdir. Kommunal ödənişlər sahəsində çox böyük problemlər, çatışmazlıqlar, qüsurlar olmuşdur. İndi “ASAN kommunal” çox gözəl xidmət göstərir. Kiçik biznesin, ailə biznesinin inkişafı ölkə iqtisadiyyatı üçün çox böyük əhəmiyyət daşıyır. İnkişaf etmiş ölkələrin ümumi daxili məhsulunda əsas payı məhz kiçik və orta sahibkarlıq təşkil edir. Ona görə Azərbaycanda bu sahəyə təkan vermək üçün “ABAD” mərkəzləri yaradılır. O mərkəzlərin, fermerlərin, ailə təsərrüfatlarının məhsulu bu gün burada nümayiş etdirilir".