“Yeni Müsavat”ın bank hesablarına həbs qoyulacaq

27 Fevral 2013 13:51 (UTC+04:00)
"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu rəhbəri olduğu qəzetə qarşı irəli sürülən son məhkəmə iddialarına münasibət bildirib.

Bu barədə APA-ya açıqlama verən R. Arifoğlu qeyd edib ki, rəhbəri olduğu qəzetə qarşı bəzi qurumlar tərəfindən irəli sürülən həmin məhkəmə iddiaları qəzeti sıradan çıxarmaq məqsədi daşıyır: "Belə iddialar heç bir media qurumu üçün, həmçinin bizim özümüz üçün xoş hal deyil. İddiaların məbləğinin yüksək olması isə onu göstərir ki, bu iddialar qəzetimizi sıradan çıxarmağa hesablanıb. "Bakı Poladtökmə" və "Baku Steel Company" iddiaları da buna hesablanıb. Əslində adını çəkdiyim qurumların məhkəmə iddiası qaldırmalarına heç bir əsas yox idi. Çünki biz həmin zavodun kənarından bir reportaj hazırlamışıq və həmin yazıda heç bir rəhbər şəxsin adını çəkməmişik. Heç kimin də şərəf və ləyaqətini alçaltmamışıq".

R. Arifoğlu "ANS" şirkətlər qrupuna daxil olan "ANS PRESS Nəşriyyat evi"nin "Yeni Müsavat" qəzetinə qarşı qaldırdığı məhkəmə iddiasına da münasibət bildirib: "Biz "Aznews.az" saytından "ANS"lə bağlı bir məlumatı götürüb dəqiqləşdirmə aparmışıq. Məlum olub ki, həmin məlumatın əsası var və biz onu etik qaydada xəbərə çevirmişik. Nəzərə alsaq ki, "ANS" bizi müntəzəm olaraq məhkəməyə verir, bu zaman məsələ aydınlaşır. Mən hesab edirəm ki, "ANS"in bu iddiaları nə birinci, nə də ki, sonuncu olacaq".

R. Arifoğlu həmçinin qeyd edib ki, rəhbəri olduğu qəzetə qarşı çoxsaylı məhkəmə iddiaları var və artıq bir neçə məhkəmə qərarı icraya yönəldilib: "Hazırda akademik Cəlal Əliyevin iddiası üzrə 1600 manat təzminat ödənilməsinə dair məhkəmə qərarı var ki, artıq bu qərar icraya yönəldilib. İcraçılar gəlib-gedir və prosedura qaydalarına uyğun olaraq bizim vəkillərimiz yazışmalar aparırlar. Biz təklif edirik ki, bu məbləği ayda 100 və 150 manat olmaqla ödəyək. İcraya yönələn digər bir məhkəmə qərarı isə Anar Məmmədovun 4000 manatlıq iddiasıdır. Lakin burda mübahisəli məqamlar var. Belə ki, həmin məhkəmə "Azadlıq" və "Yeni Müsavat" qəzetlərinə həmin məbləğin ödənilməsinə dair bir qərar çıxarmışdı. Bildiyiniz kimi "Azadlıq" qəzeti təkzib verərək, həmin məsələni həll edib. Buna baxmayaraq, indi 4000 manatın hamısını ödəməmizi istəyirlər. Hazırda bu istiqamətdə də danışıqlar aparılır".

R. Arifoğlu icraya yönəldilən məhkəmə qərarları ilə bağlı artıq onlara bank hesablarının dondurulacağına dair xəbərdarlıq edildiyini də açıqlayıb: "Artıq bizə bank hesablarının bağlanacağına dair xəbərdarlıq edilib. Bildirilib ki, həmin məbləğlər ödənilməsə, bank hesablarımıza həbs qoyulacaq. Biz də öz növbəmizdə bu məbləği ödəməkdən imtina etmədiyimizi və onlara ayda 100-150 manat ödəmək imkanımızın olduğunu bildiririk. Ümid edirik ki, bu proses danışıq yolu ilə həll olunacaq. Mən bir daha deyirəm ki, bu iddiaların hamısı "Yeni Müsavat" qəzetini birdəfəlik susdurmaq məqsədi daşıyır. Nə yaxşı ki, Azərbaycanda heç də hər şey bizi məhkəməyə verənlərin iddiası ilə həll olunmur və həyata keçirilmir".

AzNews.az