Fəxriyyə Xələfovanın kolleksiyasından nümunələr “Ermitaj” muzeyində saxlanılacaq

8 Dekabr 2017 22:36 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, “Ermitaj” muzeyinin yaradılması günü münasibətilə keçirilən “Ermitaj günləri” çərçivəsində dekabrın 8-də açılmış “Kostyum qalereyası” sərgisində 130-dan çox qədim və müasir geyim nümunələri təqdim olunur. Rəssam-modelyer Fəxriyyə Xələfova ilə “Ermitaj” muzeyinin direktoru, akademik Mixail Piotrovski arasında dekabrın 5-də imzalanmış razılaşma əsasında tanınmış dizaynerin “Şərq maqnetizmi” kolleksiyasından nadir Azərbaycan ornamentləri ilə bəzədilmiş iki milli geyim nümunəsi, eləcə də XIX əsr üslubunda hazırlanmış gəlinlik paltarı sərgidə nümayiş olunur və daha sonra muzeyin fondunda saxlanacaq.

Eyni zamanda, Fəxriyyə Xələfovanın kolleksiyasından nümunələr “Ermitaj günləri” çərçivəsində Sankt-Peterburqun “Ermitaj” otelində də nümayiş etdirilir.

“Kostyum qalereyası” sərgisi “Ermitaj”ın “Staraya derevnya” bərpa-saxlanma mərkəzində açılıb. Burada geyim nümunələrinin yaxşı vəziyyətdə qorunub saxlanılması üçün müasir texnologiyalardan istifadə olunur. Geyim nümunələrinin keyfiyyətini qorumaq üçün kolleksiya ildə bir dəfə dəyişdiriləcək. Ekspozisiyaya I Pyotrun qarderobu, rus imperator sarayı əyanlarının geyimləri, hərbi formalar, maskarad kostyumları, eləcə də müasir dizaynerlərin əl işləri və s. daxildir.