Bakı Təhsil İdarəsi TQDK-nın “bostanını daşladı“

27 Fevral 2013 15:23 (UTC+04:00)



"Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən qəbul imtahanlarında istifadə olunan testlərin çətinliyi məktəblərdə təhsil mühitini, davamiyyəti pozur, uşaqların harmonik inkişafına mane olur və onların sağlamlığına ciddi təsir göstərir".

Bu barədə APA-ya açıqlamasında Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəmməd Bayramov deyib. O bildirib ki, IX sinifdən sonra şagird hər şeydən təcrid olunaraq yalnız TQDK-nın imtahanına hazırlaşır. Uşaqların harmonik inkişafı daha vacib hesab edən M.Bayramov imtahanın yaratdığı stressin yersiz olduğunu vurğulayıb: "Bununla bağlı hər hansı bir qərar qəbul olunmayıb. Sadəcə, bu, təhsil işçisi olaraq mənim öz fikrimdir".

BŞTİ-nin müdir müavini qəbul imtahanlarının repetitorluğa geniş təkan verdiyini deyib: "Bütün valideynlər uşaqlarını repetitor yanına göndərərək çalışırlar ki, onlar qəbuldakı testlərin öhdəsindən gəlsin və yüksək bal toplasınlar. Qəbul imtahanlarındakı testlərin ağırlığı repetirora ehtiyac yaradır. Hər bir halda bunun nəticəsində Azərbaycanda repetitorluq daha da geniş vüsət alır. Ölkədə repetitorluğun geniş vüsət almasının birinci səbəbi qəbul imtahanlarında variantların çətinliyi və ağırlığı ilə bağlıdır. Repetitorluq dünyanın bütün ölkələrində mövcud olsa da bu, bizdə geniş vüsət alıb. Mövcud vəziyyət də məktəb mühitinə təsir edir. Çünki yuxarı sinif şagirdləri öz mühitindən, tərbiyə prosesindən ayrılaraq, harmonik inkişafdan qalaraq bütün diqqətini TQDK-nın imtahanlarına hazırlaşmağa sərf edir".

AzNews.az