Antisanitar şəraitdə kəsilən at əti aşkarlandı

9 Dekabr 2017 14:53 (UTC+04:00)

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən AzNews.az-a verilən məlumata görə, baxış zamanı ərazidə qeyri-qanuni, antisanitar şəraitdə kəsilmiş 1 baş atın baş-ayaqları və “VAZ-2106” markalı 10-KH-076 dövlət nömrə nişanlı minik avtomobilinə yüklənmiş at cəmdəyinin olması müəyyən edilib. Lakin həmin avtomobili saxlamaq mümkün olmayıb və at kəsimi ilə məşğul olanlar avtomobili sürərək ərazidən uzaqlaşıblar. Hadisə ilə əlaqədar dərhal Oğuz Rayon Polis Şöbəsinə müraciət edilib və dekabrın 7-də İsmayıllı rayon sakinləri - Ziliyev Vüqar Təşkilat oğlu və Qurbanov Gündüz Əbülfəz oğlu polis əməkdaşları tərəfindən saxlanılıblar.

Avtomobilin yük yerinə baxış keçirərkən dərisi soyulmamış, antisanitar şəraitdə daşınan, 180 kq çəkisində olan atın şaqqalara bölünmüş bud və cəmdəyi aşkar olunub.

İlkin araşdırma nəticəsində onlar həmin atı Oğuz rayonun Filfilli kənd sakini Seyidəliyev Xəyal Mustafa oğlundan aldıqlarını və at ətinin Bakıda satılması məqsədi ilə kəsdiklərini bildiriblər.

Avtomobildə aşkar edilmiş at ətindən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Həmçinin baytarlıq haqqında qanunvericiliyi pozan və qanunsuz at kəsimi ilə məşğul olanlar barəsində akt yazılaraq inzibati protokol tərtib edilib.

Hadisə ilə bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər bundan sonra da davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.