“Bakı Metropoliteni”ndə ixtisarlar başladı - İşçilər etiraz edir

9 Dekabr 2017 20:09 (UTC+04:00)

AzNews.az BBC Azərbaycanca-ya istinadən xəbər verir ki, aksiyaçılardan ümumilikdə, 230 nəfərin ixtisara düşdüyünü bildiriblər.

İxtisarın hansı kriteriyalar əsasında aparıldığı işçilərə üçün qaranlıq qalıb.

Aksiyaçılar deyirlər ki, əmək müqaviləsində müqavilənin “qarşılıqlı razılaşma şəklində pozulması” ilə bağlı müddəa var. Ona görə də əmrlə onları işdən çıxara bilmirlər, işdən çıxma ərizəsinə onlardan imza atılması tələb olunur. Aksiyaya çıxanlar könüllü ərizə yazmayanlardır və onlar əmək müqaviləsinə xitam verilməsini istəmirlər.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidməti və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, “iş həcmi azaldığı üçün” qarşılıqlı razılaşma əsasında əmək müqaviləsinə xitam verilir.

Onun sözlərinə görə, qarşılıqlı razılaşma əsasında işdən çıxan şəxslərə “orta aylıq əmək haqqının iki misli miqdarında ödəniş” də edilir:

“Hətta razılaşmada qeyd olunur ki, gələcəkdə iş həcmi artarsa, yəni təkrar yeni işçilərə ehtiyac olarsa, öncə işdən çıxan həmin şəxslərə üstünlük veriləcək”.

Nəsimi Paşayev deyir ki, hazırda 50 işçi ilə “qarşılıqlı razılaşma əsasında” müqavilə dayandırılıb:

“İxtisar kriteriyası belədir ki, əgər hazırda, məsələn, qazma işi aparılmırsa, onda qazmaçıyla əmək müqaviləsini dayandırırıq. Ya da işin həcmi azalırsa, iki qazmaçı arasında biri işdə saxlanılır. Bu zaman onların arasında razılaşma əldə olunmasına çalışılır və ya sosial kriteriyalara üstünlük verilir.

Sosial kriteriyalar dedikdə şəxs əgər “şəhid ailəsidirsə, ya qaçqın və ya məcburi köçkündürsə, bu zaman onun işdə saxlanmasına üstünlük verilir”.