İsgəndər Həmidov siyasətə qayıtması xəbərini təkzib etdi

27 Fevral 2013 15:47 (UTC+04:00)
Sabiq daxili işlər naziri İsgəndər Həmidov Müsavat Partiyasının başqanı Isa Qəmbərin ad günü təbrikində Milli Demokrat Partiyasının sədri kimi təqdim edilib. Xatırladaq ki, o bir neçə il bundan öncə partiya sədrliyindən istefa verərək siyasətə yalnız Dağlıq Qarabağ məsələsinə görə qayıda biləcəyini bəyan etmişdi.

Odur ki, İsgəndər Həmidovun partiya sədri kimi təqdimatı çoxlarının təəccübünə səbəb oldu. Bununla bağlı İsgəndər Həmidov AzNews.az-a açıqlamasında bildirib ki, hələlik aktiv siyasətə qayıtmaq barədə düşünmür. Yəni, vəd etdiyi kimi siyasətə Dağlıq Qarabağ məsələsinə görə qayıda bilər:

"Əgər Azərbaycan hakimiyyəti sabah qüvvələri səfərbər edib müharibəyə başlayarsa mən ön sıralardan birində olacam. Yəqin ki, keçdiyim həyat yolu, dünyagörüşüm, iş təcrübəm, müharibədə iştirak praktikam hərb düşərgəsində lazımlı olacaq. Bütün bunlardan əsgərlərimizə, ordumuza kömək etməkdə yararlanacam. Hərbi hissələrdə əsgərlərin naarifləndirilməsi, vətənpərvərlik hisslərinin aşılanması missiyasının icrası mümkündür".

Gültəkin
AzNews.az