Bahar Muradova: “Onu heç bir həbs təhlükəsi gözləmir”

27 Fevral 2013 16:11 (UTC+04:00)



"Əgər Azərbaycanda ciddi ictimai-siyasi fəaliyyəti ilə gündəmi dəyişənlər həbsə atılsaydı, o zaman indi heç kim qalmazdı. O ki qaldı Rüstəm İbrahimbəyova, o, indiyə qədər elə də böyük diqqət çəkən, Azərbaycanın ictimai-siyasi gündəmini zəbt edən, dəyişməyə qadir olan siyasi fəaliyyət sahibi deyil". Bunu APA-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.

B.Muradovanın sözlərinə görə, hazırda kino xadimi, Ziyalılar Forumunun təsisçilərindən olan Rüstəm İbrahimbəyovun özünün iddia etdiyi kimi, Azərbaycanda həbs olunması ilə bağlı elə bir əsas, yaxud təhlükə görmür: "Azərbaycanda sırf ictimai-siyasi məqsədlərə xidmət edən insanlar azad şəkildə fəaliyyət göstərirlər və öz sözlərini deyirlər. Hətta tənqid çərçivələrini çoxdan aşaraq digər yolverilməz çərçivələrdə fəaliyyət göstərirlər. Yenə də onlara "gözün üstdə qaşın var" deyən yoxdur. Rüstəm İbrahimbəyova da sırf ictimai-siyasi fəaliyyəti ilə bağlı belə bir irad tutan yoxdur, baxmayaraq ki, bu fəaliyyəti ilə elə də diqqət cəlb eləmir. Bu fəaliyyətindən geri çəkilsə belə, yenə heç nə hiss olunmayacaq. Azərbaycan bütün azərbaycanlıların vətənidir, istədikləri vaxt gəlib-gedə bilərlər, o cümlədən də Rüstəm İbrahimbəyov istədiyi vaxt gəlib-gedə bilər".

B.Muradova deyib ki, R.İbrahimbəyovun siyasi mövqeyindən, söylədiyi fikirlərdən və mövcud iqtidara münasibətindən asılı olmayaraq, onu heç bir həbs təhlükəsi gözləmir: "Ola bilsin, onun özü cinayət əməlinə səbəb olan özü ilə bağlı hansısa faktı bilir və bundan narahatdır ki, həbs olunma ehtimalı ola bilər. Amma indiki durumda onun həbs olunması ilə bağlı heç bir əsas görmürəm. Çünki həbs olunmaq üçün ciddi əsaslar olmalıdır. Ona görə də bilmirəm onda bu məlumatlar haradan qaynaqlanır və yaxud onu belə düşünməyə vadar edən nədir".

Qeyd edək ki, Rüstəm İbrahimbəyov mətbuata açıqlamasında bildirib ki, Azərbaycana gəldiyi halda, həbs olunmaq ehtimalı var: "Məndə olan məlumata görə vətənə qayıdacağım halda məni istintaqa çağırmaq, sorğu-sual etmək istəyirlər. Düzdür, bununla bağlı rəsmi məlumat yoxdur. Hesab edirəm ki, hökumət bu informasiyaları qəsdən yayır".

AzNews.az