Mikroavtobus aşdı - Sərnişinlər yaralandı (Yenilənib)

12 Dekabr 2017 15:15 (UTC+04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 12:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçayın Bığır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Sürücü Bəkir Mustafayev Göyçay-Sumqayıt xətti üzrə idarə etdiyi 85-BX-719 dövlət nömrə nişanlı, “Ford Tranzit” markalı mikroavtobusun qəflətən qarşısına çıxan “VAZ 2106” markalı minik avtomobilini vurmamaq üçün manevr edərkən idarəetməni itirib. Mikroavtobus yolun kənarındakı su arxına aşıb.

Hadisə zamanı sürücü Bəkir Mustafayev və sərnişinlərdən, 1956-cı il təvəllüdlü Rəsulova Nailə Məmmədhüseyn qızı, 1993-cü il təvəllüdlü Abbasov Elnur Ruslan oğlu və 1976-cı il təvəllüdlü Məmmədov Allahverdi Zabit oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün təcili yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Daha iki sərnişinin yüngül xəsarət aldığı bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

***

13:04

Göyçay rayonunda mikroavtobus aşıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Göyçay-Sumqayıt sərnişin mikroavtobusunun yoldan çıxaraq aşdığı bildirilir.

Hadisə Bakı-Şamaxı-Yevlax yolunun Göyçayın Bığır kəndindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, çoxlu sayda xəsarət alan var.

AzNews.az