Minlərlə insan Heydər Əliyevin xatirəsini yad etmək üçün Fəxri xiyabana axışır - Fotolar

12 Dekabr 2017 13:39 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, müasir müstəqil Azərbaycan dövlətinin banisi, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini yad etməyə gələnlər arasında hərbçilər, təhsil, mədəniyyət, tibb müəssisələrinin nümayəndələri, müharibə və əmək veteranları, müxtəlif peşə sahibləri, tələbələr, şagirdlər, bir sözlə, hər yaşda olan insanlar var.

Vətənini sevən, damarından azərbaycanlı qanı axan hər kəs üçün Ulu Öndərin xatirəsi əziz və müqəddəsdir. Çünki Azərbaycanın müasir tarixi, milli dövlətçiliyimiz bu dahi şəxsiyyətin adı ilə sıx bağlıdır. Xalqımız bütün şüurlu həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş böyük oğlunu ötən 14 il ərzində bir an belə unutmayıb.

Bu gün təkcə Bakıda deyil, Azərbaycanın bütün bölgələrində, həmçinin xarici ölkələrdə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş anma mərasimləri keçirilir.

...İnsanların Fəxri xiyabana axını davam edir. Ziyarətçilər buraya həm də sonsuz qürur hissi və sarsılmaz inamla gəlirlər. Çünki Azərbaycan Heydər Əliyev ideyalarının işığında sürətlə inkişaf edir, dünyada söz və nüfuz sahibinə çevrilir. Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmiz yeni–yeni qələbələrə imza atır, müstəqilliyimiz daha da möhkəmlənir, ictimai-siyasi sabitlik qətiyyətlə qorunub saxlanılır.

Fəxri xiyabanda yaşanan bu izdiham göstərir ki, Heydər Əliyev itkisi yalnız cismanidir. Mənən isə Ulu Öndər yenə də xalqı ilə birlikdədir, onun parlaq ideyaları yalnız bu günümüzün deyil, gələcəyimizin də qarantıdır.