Bakıda Qətərin milli bayramı qeyd edilib

14 Dekabr 2017 21:30 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, rəsmi qəbulda əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Səfir Yusif bin Həsən əl-Sai tədbirdə çıxış edərək ölkəsinin keçdiyi inkişaf yolundan danışıb.

Ölkələrimiz arasında əlaqələrə toxunan səfir Azərbaycan-Qətər münasibətlərinin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyini söyləyib. O, bu ilin yanvarında keçirilən Qətər və Azərbaycan hökumətləri arasında birgə iqtisadi, ticari və texniki komissiyanın birinci toplantısının əlaqələrimizin inkişafına töhfə verdiyini vurğulayıb.

Səfir Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ilin fevralında Dohaya etdiyi tarixi səfərin iki dost ölkə arasındakı münasibətlərin inkişafına təkan verdiyini söyləyib. Qeyd edib ki, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıqla bağlı sənədlər imzalanıb.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov əlamətdar gün münasibətilə Qətər xalqını Azərbaycan hökuməti adından təbrik edib. Nazir ölkələrimiz arasında əlaqələrin xoş ənənələrə söykəndiyini bildirib. O, yüksək səviyyəli qarşılıqlı səfərlərin dostluq münasibətlərinin daha sürətlə inkişafına təkan verdiyini deyib. Vurğulayıb ki, hər iki ölkə başçıları arasında səmimi əlaqələr əməkdaşlığın yüksək tempdə inkişafında mühüm rol oynayır. Qətər və Azərbaycan fövqəladə halların idarə olunması sahəsində də əməkdaşlıq edirlər.

Azərbaycan-Qətər əlaqələrinin bir çox sahələrdə inkişaf etdiyini vurğulayan nazir söyləyib ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirlər. Nazir vurğulayıb ki, Azərbaycan Qətərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyini dəstəkləməsini yüksək qiymətləndirir.

Kəmaləddin Heydərov əlaqələrimizin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, səfirlər, jurnalistlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.