İsveçrə şirkəti ermənilərə yox dedi - Video

18 Dekabr 2017 23:42 (UTC+04:00)

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, "Sviscom" şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərən "Karabakh Telecom"-la əməkdaşlığı barədə məlumat əldə edən Azərbaycanın bu ölkədəki səfirliyi bu şirkətin rəhbərliyi, həm də İsveçrə Konfederasiyasının dövlət qurumları ilə iş aparıb. İsveçrə hökümətinə "Karabakh Telecom" şirkətinin fəaliyyətinin qanunsuz olduğu izah edilib.

Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev bildirib ki, bununla bağlı Nazirlik tərəfindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyi ilə uzunmüddətli iş aparılıb.

İsveçrəyə məxsus bir şirkətin ərazi bütövlüyümüzə açıq-aşkar hörmətsizlik nümayiş etdirən qondarma "Karabakh Telecom" şirkəti ilə əməkdaşlığının ikili münasibətlərə xələl gətirdiyi diqqətə çatdırıb. Səfirliyin gətirdiyi dəlilləri, beynəlxalq hüquq prizmasından Azərbaycan tərəfinin haqlı olduğunu, ölkələrimiz arasında dost münasibətləri nəzərə alaraq, "Sviscom" "Karabakh Telecom" ilə əməkdaşlığına xitam verib. Ancaq Hikmət Hacıyev bildirir ki, hələ də bəzi ölkələrin telekommunikasiya şirkətləri işğal altındakı torpaqlarda rouminq xidmətləri göstərməkdə davam edirlər.

İşğal altında olan torpaqlarda bütün fəaliyyətlər kimi telekommunikasiya xidmətlərinin təşkil edilməsi hüququ tamamilə Azərbaycana məxsusdur. Hansısa dövlətin Azərbaycanın icazəsi olmadan bu fəaliyyətlə məşğul olması qanuna ziddir və beynəlxalq hüququn tələbinin kobud şəkildə pozulmasıdır.