“O aktyorlar teatrdan qovulmalıdır” - “Azdrama”nın keçmiş direktoru ilə MÜSAHİBƏ

19 Dekabr 2017 13:19 (UTC+04:00)

- Müdriklər 80 yaşın öz gözəlliyi olduğunu deyir. Bəs təcrübə nə deyir?

- Özümü çox yaxşı hiss edirəm. Bəli, 80 yaşın da öz gözəlliyi var. Bir də ki, bu yaş hər adama nəsib olmur. Adam var, 70-dən o yana keçmir. Açığını deyim, 80 yaşla barışmıram. Yəni 80 yaşı fiziki cəhətdən hiss eləmirəm. Şəhəri demək olar ki, pay-piyadə gəzirəm. Pilləkənləri ayaqla çıxıram, heç bir şikayətim yoxdur. Özüm də rejim saxlayıram. Ailədən çox sey asılıdır. Həyat yoldaşım mənə yaxşı baxır, bütün günü qulluğumda durur. Uşaqlarım da yerbəyer olub, şükr Allaha. Yəni nədənsə şikayətim yoxdur.

- Adətən tanınmış, teatr sənətində fəaliyyəti olan sənət adamlarının yubileyləri dövlət səviyyəsində qeyd olunur. Ümumiyyətlə, 80 illik yubileyinizi keçirməyi planlaşdırırsınız?

- Hə, ancaq ailə daxilində, özüm təşkil edəcəm. Biz beş qardaşıq. Nəvələrimin hərəsi 4-5 dil bilir, biri Amerikada təhsil alır. Ailə ömrünü başdan-başa elmə həsr edib. Özüm isə çox əziyyət çəkmişəm. Rayondan gəlib istədiyim səviyyəyə qalxana kimi nələrdən keçməmişəm, bir Allah bilir...

- Bir zamanlar rəhbəri olduğunuz, qapınızı döymədən içəri girməyə belə cəsarət etməyən Akademik Milli Dram Teatrının əməkdaşlarından sizinlə maraqlanan, görüşən aktyorlar varmi? Yoxsa "bağda ərik məsələsi" sizin də həyatınızda iz qoyub?

- Teatrda məni doğmaları kimi görürlər. Heç kimdən incikliyim yoxdur. Əksinə, hərdən baxıram ki, onlar mətbuata giley-güzar edirlər. Nəyə görə? Bax, bunu anlaya bilmirəm. Orada mənlik heç nə yox idi. Direktordan sonra baş rejissor var, tamaşa onun səlahiyyətində olan işdir. Mənim isə əsas işim təmir idi. Təmir bitən kimi də məni atdılar bayıra. 52 ilimi teatrda keçirmişəm. Hər halda istəyərdim ki, təcrübəmdən kimlərsə faydalansın.

- Bununla bağlı sizə müraciət edən varmı?

- Bizim mentalitetimizdə belə bir ənənə var - başqasını bəyənməmək. Başqasının biliyindən istifadə eləməyi özlərinə alçaqlıq sayırlar sanki. Bu söz-söhbətlər, incikliklər də sonunda tamaşaya, aktyorlara mənfi təsir edir. Məni aktyorların harada gəzməsi, kiminsə arxasınca qeybət etməsi heç vaxt maraqlandırmayıb. Həmişə onların teatra, səhnəyə verdiyi obraz maraqlandırıb.

- Təmir bitər-bitməz özünüzünkü bildiyiniz adlı-sanlı aktyorlar üstünüzə hücuma keçdilər. Bu, təxribat idi?

- Düşünmürəm. Yaşım keçmişdi, olanlarla barışıram. Əgər təxribatdırsa özlərinə və teatra etdilər. Ancaq etik normalar var, ən azı, ona əməl etməli idilər. Bax, məni incidən, küsdürən də bu oldu. Bu qədər əziyyət çəkdim, heç olmasa qoyardılar işi təhvil verəydim... mən kabinetbaz deyiləm. Bir ay işləyərdim, sonra yola salardılar. Hücuma keçdilər, guya böyük bir şey olubmuş. Həmin ərəfədə nazir çağırdı məni, getdim. Dedi “Maqbet, səndən yaman danışırlar”. Soruşdum nə deyirlər? Deyirlər oğrudur? Büdcəyə göz dikib? İşə gəlmir? Bəlkə pozğun adamdır? Dedi “nə danışırsan? Bu sözlər sənə heç yaraşmır? Sadəcə danışırlar”.

- Sizin işlətdiyiniz bu ifadələr yerinizə bəh-bəhlə gətirilən İsrafil İsrafilovun ünvanına deyildi?

- İnanıram ona, mən təmiz adam olmuşam. Onlarla direktor deyil, bir ailənin üzvü kimi davranmışam. Odlu-alovlu danışanlara deyirdim bura sənin evin deyil, sakitləş, get evinə, hirsini ailənə tök. Xeyir-şərdə başda olmuşam, işçilər arasında fərq qoymamışam. Hər kəsin öz yeri var. Bayramlarda mənim üçün hamı bir olub. Xalq artistini xadimədən ayırmamışam. Qarın, ağız birdir. Bu prinsiplə işləyirdim.

- Hərdən də olsa yolunuzu teatrdan salırsınız?

- Dəvət olanda gedirəm. Amma dəvət də yoxdur daha. Təzə tamaşalara da baxmıram. İndi bir tendensiya əmələ gəlib: bir tamaşanı 3-4 rejissor qoyur. Əgər tamaşa uğurlu alınırsa, birincini adı ilə bağlanır, alınmırsa, tələbə tamaşası kimi təqdim olunur. Bəzi əsərlər, tamaşalar var ki, onu məcburən tamaşaçıya sırıyırlar. Mən belə şeylərə yol verməmişəm. Çox adam da bunu həzm edə bilmirdi. Bu yaxınlarda bir tamaşaya getdim. Dedim bir yer verərsiniz oturmağa? Dedilər harada istəyirsiniz oturun. Mən də oturmadım, çıxıb getdim. Nə deyim, adminstratorun səviyyəsi bu idi... bizdə bir ənənə var da: işdən çıxdın, vəssalam...

- 65 yaşa çatan aktyorları teatrdan çıxarırlar. Əgər bu gün rəhbər olsaydınız, bu əmrə tabe olardınız?

- Mənim üçün bir qanun var - aktyorun meyiti teatrdan çıxmalıdır. Teatrda yaranan obrazlar fəqlidir, uşaqdan qocaya kimi rol var və bunu aktyorlar oynamalıdır. 65 yaşı var deyib, aktyoru küçəyə atmaq olmaz. Əgər 65 yaşı keçən aktyor teatr üçün dəyərlidirsə, mən onu heç vaxt kənarlaşdırmazdım. Bəziləri var, boş-boşuna teatra gəlib, dövlətdən maaş alır. Özü də heç bir rolda oynamır, 5 ildə bir dəfə səhnəyə çıxmır. 6 il teatrda fəaliyyəti olmayan aktyor işdən qovulmalıdır. Mən işə gələndə dedim ki, baxın görün, kim 5 il səhnəyə çıxmayıbsa, qovun getsin. Bunu etdim. Narazı oldular, yazdılar, səslərini qaldırdılar. Nazir də çağıranda faktla danışdım. Dedim ki, bu adam işləməməyinə, bekar qalmağına görə üsyan eləməli idi. “Mənə rol verin” deyə teatrı silkələməli idi. Talantlı aktyor işləməlidir. Ramiz Həsənoğlunun tamaşasına baxdım, bəyəndim. Dedi “Maqbet müəllim, məni “Azdrama”dan qovdular”. Fuad Poladov kimi aktyor da teatrdan getdi. Xəstədir. Zəng elədim, danışdım, dedi “Maqbet, vəziyyətim ağırdır”. Gedib dəyəcəm ona. Dünya etibarsızdır. Fuad kimi aktyor teatrdan gedibsə, deməli, səbəb var...

- Azərbaycanda ilk dəfə teatr mövsümünün açıq havada açılışını siz təşkil etmisiniz. Amma adınız bu layihədə çəkilmir...

- Hə, mən təşkil eləmişəm. Ona kimi teatr aşılışı zallarda keçirilirdi. Hər teatr mövsümünün açılışında həmin ənənə davam etdirilir. Amma nədənsə, belə gözəl layihənin rəhbərinin adı çəkilmir. Hamı bilir ki, bu layihə mənimdir.

Bahar RÜSTƏMLİ

AzNews.az