Hökumət şok bahalaşma qərarına hazırlaşır

28 Fevral 2013 13:22 (UTC+04:00)


"Benzinin qiymətinin bahalaşdırılması tıxac probleminin aradan qaldırılmasına səbəb ola bilər". Bu sözləri ekspert Aydın Xudiyev Azadlıq radiosuna müsahibəsində bildirib. Onun sözlərinə görə bununla bağlı artıq hökumətə müraciət də ünvanlanıb.

Maraqlıdır, doğrudanmı Bakının tıxac problemini həll etmək üçün mütləq benzinin onsuz da ucuz olmayan qiymətində bir qədər də artım etmək lazımdır? Qeyd edək ki, neft ölkəsi olmasına baxmayaraq, Azərbaycanda benzin digər ölkələrlə müqayisədə kifayət qədər bahadır və bu baxımdan qiymət artımı ilə bağlı yenidən müzakirələrin açılması heç də müsbət qarşılana bilməz.

Bununla bağlı AzNews.az-ın suallarını cavablandıran İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev səslənən bahalaşma təklifiylə razılaşmadığını bildirdi. Onun fikrincə benzinin qiymətinin artması üçün heç bir zəmin yoxdur:

"Ölkəmizdə yanacağın qiymətinin artması üçün iqtisadi əsas olmalıdır. Neft ixrac edilən ölkələrdə yanacağın qiyməti aşağıdır. Başqa bir tərəfdən, qonşu ölkələrə daşınma faktoru da yoxdur. Belə ki, İranda yanacağın qiyməti ölkəmizlə müqayisədə dəfələrlə ucuzdur. Rusiya ilə ölkəmiz arasında da qiymət fərqi azdır. Ermənistanla, ümumiyyətlə əlaqələrimiz yoxdur. Yanacağın Gürcüstana daşınması isə aktual deyil".

Benzinin qiymətinin artmasının bütün sahələrə təsir göstərəcəyini vurğulayan ekspertin fikrincə, bu il artımla bağlı təklif reallaşmayacaq: "Benzinin qiymətinin artması ilk növbədə daşınma xərclərinin qalxmasına səbəb olacaq. Nəticədə ticarət və xidmət obyektlərində, şəhər nəqliyyatında qiymətlər artacaq. Seçki ili olduğu üçün bu artımın reallaşacağına inanmıram".

Ekspert benzinin qiymətinin bahalaşmasının tıxac problemini aradan qaldıracağı ilə bağlı fikirlərlə də razı deyil: "Benzinin ucuzluğunu tıxac probleminin əsas səbəbi kimi göstərmək doğru olmazdı. Bu heç tıxacı yaradan ilk 100 səbəbdən yüzüncü də deyil".

Ruhiyyə Daşsalahlı
AzNews.az