“Hər şey atamın sağlığına kimi imiş, öldü...” - Əməkdar artistin xatirəsinə (Fotolar)

21 Dekabr 2017 11:53 (UTC+04:00)

Mərhumun qızı Vəfa Abdullayeva AzNews.az-a açıqlamasında Ələsgər Məmmədoğlunun qəbrinin ziyarət ediləcəyini bildirib:

“Atam həmişə ailədə yad edilir. Artıq iki ildir ki, atam aramızda deyil. Onun dünyasını dəyişdiyi gün evimizə qohum-əqraba, dostlar gəlir. Çox sağ olsunlar. Sabah onun qəbrini ziyarət edəcəyik”.

Vəfa Abdullayeva qeyd edib ki, Ələsgər Məmmədoğlu dünyasını dəyişən gündən Akademik Milli Dram Teatrının kollektivi onu yad etməyib:

“Açığı heç kəsi gözləmirik. Yəqin ki, gəlməyəcəklər. Birinci ildönümündə az da olsa kimlərsə atamı yad etdi. Amma o vaxtdan bu günə kimi bir nəfər olsun belə Ələsgər adında aktyoru yada salmadı. Axı, atam da o teatrın aktyoru olub. Bir dəfə də olsun maraqlanmadılar. Xeyir işlərində də yada salmayıblar. Hər şey atamın sağlığına kimi imiş, öldü, vəssalam”.

Mərhumun qızı atasının yoxluğu ilə barışmadığını vurğulayıb:

“Hər axşam yolunu gözləyirik, elə bilirəm bu saat qapıdan girəcək”.

Bahar RÜSTƏMLİ

AzNews.az