Azərbaycanda ilin ictimai-siyasi yekunları - Xronologiya

30 Dekabr 2017 09:00 (UTC+04:00)

AzNews.az ölkənin ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıyan hadisələrin xronologiyasını təqdim edir:

Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib

Prezident İlham Əliyevin 21 fevral 2017-ci il sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib.

Elə həmin gün prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda prezident İ.Əliyev M.Əliyevanı təqdim edib. Dövlət başçısı iclasda deyib ki, M.Əliyeva uzun illərdir ki, ölkənin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır:

“Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Yeni Azərbaycan Partiyası ölkəmizin aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır. Mehriban Əliyeva 2005-ci ildən bəri Mili Məclisin deputatıdır. Deputat kimi çox böyük işlər görüb. Təmsil etdiyi dairənin sosial-ictimai problemlərinin həllində böyük addımlar atıb, seçiciləri ilə daim təmasdadır. Deputat kimi əsas fəaliyyəti seçicilərin problemlərinin həlli ilə bağlıdır. Fəaliyyəti nəticəsində müxtəlif ölkələrdə qazandığımız dostların sayı artıb. Mehriban Əliyeva 2004-cü ildən indiyə kimi Heydər Əliyev Fondunun prezidentidir. Fond onun rəhbərliyi altında nəinki Azərbaycanın, eləcə də regionun ən böyük ictimai təşkilatına çevrilib. Çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilib. Fondun təşəbbüsü ilə bir sıra önəmli layihələrə imza atılıb. Mehriban Əliyevanın beynəlxalq aləmdə çox böyük nüfuzu var. UNESCO və İSESCO-nun xoşməramlı səfiridir. İkinci elə bir şəxsiyyət yoxdur ki, iki belə mötəbər təşkilatın üzvü olsun”.

Prezident deyib ki, M.Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial və xeyirxah bir insandır: “Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır”.

2017-ci ilin kadr islahatları

2017-ci il Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə “dönüş ili” kimi yaddaşlarda qalacaq ki, həm qanunvericilik sahəsində əhəmiyyətli addımlar atılıb, həm idarəetmə strukturunda təkmilləşmələr aparılıb.

Fevralda Nəqliyyat Nazirliyi ləğv edilərək Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildi. Nəqliyyat naziri Ziya Məmmədov istefaya göndərildi, Ramin Quluzadə isə nazir təyin edildi.

İyunda Azərbaycan Prezident Adminstrasiyasının yeni strukturu formalaşdı. Prezidentin köməkçilərinin sayı 5-dən 10-a çatdı.

Dekabrda isə vergilər və təhsil nazirləri işdən azad edildi. Keçmiş təhsil naziri Mikayıl Cabbarov vergilər naziri təyin edildi.

Qarabağ danışıqları

Danışıqlar bərpa edildi və masada olan həll variantları üzrə danışıqlar davam etdi.

Azərbaycan prezidenti İlham Əliyevi ermənistanlı həmkarı Serj Sarkisyanla Cenevrədə görüşü ilin siyasi hadisələrindən biri kimi qiymətləndirmək olar. Sonuncu dəfə onlar keçən ilin iyununda Rusiya prezidenti Vladimir Putinlə üçtərəfli formatda görüşmüşdü.

Əslində prezidentlərin görüşündə hər hansı real nəticə əldə olunmadı, bu hadisənin əhəmiyyəti sadəcə olaraq müharibə vəziyyətində olan iki ölkənin rəhbərlərinin görüşüb müzakirə aparmasından və problemin həllində sülh variantının ağırlıq qazanmasından ibarətdir.

Dağlıq Qarabağda qondarma “referendum”un keçirilməsi ilə Ermənistan özünü bir daha biabır və ifşa etdi. Bütün qonşu ölkələrimiz, Minsk qrupuna həmsədrlik edən ölkələr, Avropa İttifaqı və bir çox ölkələr dərhal bu “referendum”u pislədilər. Bəyan etdilər ki, bu “referendum”u tanımırlar və Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.

Bununla yanaşı, ilk dəfə olaraq, bizim qanunlarımızı bir neçə dəfə kobudcasına pozmuş, Dağlıq Qarabağa qanunsuz səfərlər etmiş, Azərbaycan dövlətini, xalqını təhqir etmiş bir nəfər xaricdə saxlanılaraq bütün dünyanın gözü qarşısında Azərbaycana təhvil verildi və Azərbaycana gətirildi. Bu, ilk dəfə baş verən hadisədir.

İslam Həmrəyliyi ili

Bu il Azərbaycanda "İslam Həmrəyliyi ili" elan olundu. Eyni zamanda öz dəyərlərini, yəni multikulturalizm dəyərlərini İslam dünyasına gətirmək üçün Azərbaycan bir çox işlər gördü.

Bu il ölkəmiz böyük beynəlxaq toplantılara ev sahibliyi etdi.

Martın 16-da Azərbaycanın paytaxtında V Qlobal Bakı Forumunun rəsmi açılışı oldu. Beşinci Qlobal Bakı Forumunda 56 ölkədən 300 nəfərədək nümayəndə, o cümlədən müasir dünya siyasətinin yönləndirilməsində, bir çox regional proseslərin qiymətləndirilməsində mühüm rolu olan çox nüfuzlu dövlət xadimləri, siyasətçilər, elm adamları, siyasi ekspertlər iştirak etdi. Əgər Davosda daha çox iqtisadi, Münxendə təhlükəsizlik məsələləri müzakirə olunursa, Qlobal Bakı Forumunda daha çox siyasi və eyni zamanda, bütün digər məsələlər müzakirə edildi.

Mayın 5-də isə Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışı baş tutdu. 20 ölkədən olan 800-dən artıq qonaq Forumda iştirak etdi. Builki tədbirdə Azərbaycanla bərabər dünyanın altı aparıcı beynəlxalq təşkilatı Forumun təşkilatçısı kimi çıxış etdi. Azərbaycan Forum çərçivəsində bir daha multikulturalizmin mərkəzlərindən biri kimi qeyd olundu.

Həmçinin bu il ölkəmiz İslam oyunlarına ev sahibliyi etməklə, dünyada xüsusi ilə İslam aləmində öz mövqeyinin gücləndirməsi siyasətində önəli addımlar atdı.

Mayın 13-də Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının təntənəli açılışı oldu.

Azərbaycanın ev sahibi olduğu İslam Həmrəyliyi Oyunlarında 54 ölkədən 3 mindən çox idmançı, 1000-dən çox komanda rəsmiləri və bir o qədər də texniki nümayəndə iştirak etdi. Bu rəqəmlər özlüyündə bir rekord oldu. Çünki bu vaxtadək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmayıb.

IV İslam Həmrəyliyi Oyunlarını 50-dən çox ölkədə 1 milyarddan çox tamaşaçı izlədi.

Ən önəmlisi ondan ibarətdir ki, Azərbaycan milli komandası bu Oyunlarda birinci yeri tuta bildi.

Bu ilin sentyabrında Azərbaycan Rohingiya qaçqınlarına humanitar yardım - 100 ton ərzaq məhsulu göndərdi.

Azərbaycanın diplomatik qələbələri

2017-ci ildə ölkə prezidentinin bir sıra xarici səfərləri, Avropa Tərəfdaşlıq Müqaviləsi, Ərəb-İslam-Amerika Sammiti, 22-ci Dünya Neft Konqresi, MDB Dövlət Başçıları Şurasının iclası, İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) IX Zirvə görüşü, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısı, din xadimlərinin Bakıdakı toplantısı, Tehranda üçtərəfli görüş, Şərq tərəfdaşlığı çərçivəsində atılan addımlar çox böyük siyasi hadisə oldu.

Azərbaycanın diplomatik qələbəsi – “Şərq tərəfdaşlığı” sammitində yekun bəyannamənin qəbulu oldu. Bəyannamədə Azərbaycanın ərazi bütövlüyü təsbit olundu.

Bu il həmçinin Amerika və Rusiya ordularının Baş Qərargah rəislərinin birinci görüşü Bakıda keçirildi.

Rusiya. Gürcüstan, Qazaxıstan və İsraillə diplomatik münasibətlərin 25 ili tamam oldu.

İlham Əliyev BMT-də çıxış etdi

Sentyabrın 20-də prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında çıxış edərək bir daha dünya birliyinin diqqətini Dağlıq Qarabağ münaqişəsinə çəkdi.

Prezident dedi ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir, lakin, eyni zamanda, Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkarı 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandıracaq.

Bununla yanaşı, sentyabrda Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Donald Trampla görüşdü.

Hərbi uğurlar

Mayın 9-12-də Türkiyənin İstanbul şəhərində 13-cü “İDEF-2017” Beynəlxalq sərgisində Müdafiə Sənayesi Nazirliyi tərəfindən 260 adda məmulat nümayiş etdirildi. sərgidə ilk dəfə olaraq nazirliyin müəssisələrində istehsal olunan “Vaşaq” snayper tüfəngi, 40 millimetrlik QP-25 lüləaltı qumbaraatanı, 12,7 millimetrlik silahla təchiz edilmiş məsafədən idarə olunan döyüş modulu, “Tufan” milli zirehli maşını kimi bir sıra yeni məhsullar ziyarətçilərə təqdim edildi. Sərgi müddətində Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında sazişin də imzalandı.

Bu ilin avqust-sentyabr aylarında isə “Tufan” tipli sərhəd gözətçi və“Xankəndi” sualtı tikinti gəmiləri təqdim edildi.

İşğaldan azad olunan ərazilərin bərpası

Cocuq Mərcanlı kəndində yeni qəsəbə salmaqla, işğal olunmuş ərazilərə böyük qayıdışa start verildi.

İyunda Cocuq Mərcanlı kəndi bərpa edildi, orada yeni qəsəbə salındı, 50 evdən ibarət qəsəbə istifadəyə verildi.

Bundan başqa, məktəb, məscid tikilib, tibb mərkəzi tikilməkdədir. Orada iş yerləri ilə bağlı bir çox məsələlər öz həllini tapır. Cocuq Mərcanlı kəndinin yenidən qurulması, bərpası tarixi hadisə oldu.

İlham Əliyev – jurnalistlərin dostu

2017-ci ildə prezident İlham Əliyev növbəti dəfə “jurnalistlərin dostu” adına layiq görüldü.

Azərbaycan mətbuatı da bu il ölkə gündəmindən düşmədi. İyulun 20-də, Milli Mətbuat günü ərəfəsində jurnaslitlər üçün tikilən ikinci - 255 mənzilli bina media işçilərinə paylanıldı.