22 dövlət əmlakı özəlləşdirilib

26 Dekabr 2017 11:39 (UTC+04:00)

AzNews.az Komitəyə istinadən xəbər verir ki, hərracda 4 əmlak elektron yolla özəlləşdirilib.

Həmin əmlaklar Bakının Nəsimi, Yasamal, Suraxanı rayonlarında yerləşən qeyri-yaşayış sahələri və “UAZ-31519” markalı nəqliyyat vasitəsi olub.

Ümumilikdə isə hərracda 22 dövlət əmlakı sahibini tapıb. Bunlardan 2-i kiçik dövlət müəssisə və obyekti, 16-ı qeyri-yaşayış sahəsi, 4-ü isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 1 kiçik dövlət müəssisəsi, 12 istifadəsiz qeyri-yaşayış sahəsi (6-cı Nəsimi, 2-si Yasamal, 2-si Nizami, 1-i Suraxanı, 1-i isə Nərimanov rayonlarında), 4 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 1 kiçik dövlət müəssisəsi və 4 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib.

Budəfəki hərrac da rəqabətli şəkildə keçib. Belə ki, paytaxtın Nəsimi rayonunda yerləşən sahəsi 25 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 3 500 manat olsa da, 10 500 manata sahibini tapıb. Bakının Nəsimi rayonunda yerləşən 15,2 kv.m-lik digər qeyri-yaşayış sahəsinin isə ilkin start qiyməti 2 250 manat olsa da, sonda qiymət 6 350 manata yüksəlib.