5 avtomobil əzildi, dam örtükləri dağıldı... - Küləyin fəsadları

26 Dekabr 2017 14:17 (UTC+04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, qasırğa bu gün səhər saat 6:00 radələrində Göyçay şəhərində 10-a yaxın hündür mərtəbəli yaşayış binasının dam örtüyünü qopararaq yerə salıb.

Hadisə nəticəsində dəmir dam örtükləri binaların yanında dayanmış minik avtomobillərinin üzərinə düşüb. Ümumilikdə 5 ədəd minik avtomobili əzilib. Avtomobil sahiblərinə xeyli maddi ziyan dəyib. Həmin vaxt ərazidə adam olmadığı üçün xəsarət alan olmayıb.

Külək irigövdəli çinar ağaclarını da aşırıb. Ağacların budaqları fərdi yaşayış evlərinin, mağazaların və sosial obyektlərin üzərinə düşüb. Küləyin təsiri nəticəsində rayonun elektrik təsərrüfatına da ciddi ziyan dəyib. Yüksək gərginlikli elektrik naqilləri qırılıb, dirəklər aşıb.

Dünən səhər saatlarından indiyədək Göyçay şəhərinin bir hissəsinə və rayonun kəndlərinə elektrik verilişi tamamilə dayanıb. Rayon fövqəladə hallar komissiyasının nümayəndələri ərazilərə baxış keçirir, vətəndaşlarla görüşür, dəymiş ziyan araşdırılır.

AzNews.az