Fazil Mustafa: “Seçkilərə təkbaşına gedəcəyik”

1 Mart 2013 10:37 (UTC+04:00)
"Heç bir bloka, birliyə qoşulmaq fikrimiz yoxdur. Partiyaların bir-birlərini dəstəkləməsi əhəmiyyət daşımır. Seçkilərdə əsas olan əhalinin dəstəyindən istifadə etməkdir. Ona görə seçkilərdə öz proqramımızla çıxış etməyi üstün tuturuq".


Bunu AzNews.az-a açıqlamasında Böyük Qurtuluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa deyib. F.Mustafa qeyd edib ki, ölkədəki yaranmış birliklər siyasi fəaliyyətdə fayda verirsə, normaldır. Amma bu birliklərin əksəriyyətinin fəaliyyəti faydasızdır: "Bunlar blok yaratmaq xatirinə yaranmış birliklərdir. Ona görə də ciddi təsir gücünə malik deyillər".

BQP sədri Rüstəm İbrahimbəyovun yaradacağı "Milli Şura"nı da tənqid edib: "İnsanlar istədiyi birliyi yaratmaqda azaddırlar. Mən daha ciddi formatda mübarizə aparmağa üstünlük verirəm. Onların yaratdığı formatı özləri də müəyyən edə bilməyiblər. Ona görə də yaradılacaq birlik haqqında fikir bildirmək çətindir".

İlkin
AzNews.az