Vəkillər Kollegiyası bu hüquqşünaslara müraciət etdi

26 Dekabr 2017 14:47 (UTC+04:00)

Kollegiyadan "Report"a verilən məlumatda qeyd olunub ki, 31 oktyabr 2017-ci il tarixdə Mülki Prosessual və İnzibati Prosessual məcəllələrə və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna edilən dəyişikliklərə əsasən, 01.01.2018-ci il tarixdən etibarən qeyri-vəkillərin məhkəmələrdə təmsilçilik hüquqlarına qanunvericilik səviyyəsində məhdudiyyətlər gətirilib.

Bildirilib ki, hüquq ictimaiyyəti arasında müzakirələrə səbəb olan bu dəyişikliklərin əsas məqamlarından biri də fərdi sahibkar qismində nümayəndəlik fəaliyyəti ilə məşğul olan hüquqşünasların fəaliyyətlərinin iş stajına bərabər tutulub-tutulmaması ilə bağlı idi: "Belə ki, məsələyə birmənalı yanaşmanın mövcud olmamasının səbəbi milli qanunvericilikdə “iş stajı” anlayışına münasibətdə vahid yanaşmanın mövcud olmaması idi. Bu cür vəziyyət hazırda ölkə üzrə fəaliyyət göstərən “nümayəndə”lərin vəkilliyə sənəd qəbulu məsələsində maneə olaraq hesab olunurdu.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti qeyd olunan anlaşılmazlığın aradan qaldırılmasının, habelə 11.01.2018-ci il tarixədək vəkilliyə sənəd qəbulunun davam etdirilməsinin zəruriliyini nəzərə alaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ilə müraciət edib.

Sorğuya verilmiş cavabda qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddətləri sosial sığorta stajına daxil edilir. Eyni zamanda, “sosial sığorta stajı” dedikdə, iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) sığorta stajına daxil edilən dövrləri kimi başa düşülür".

Beləliklə, Vəkillər Kollegiyasının Rəyasət Heyəti fərdi sahibkar qismində fəaliyyət göstərən, son 3 il ərzində müntəzəm qaydada məcburi dövlət sosial sığorta haqlarını ödəyən ali təhsilli hüquqşünasları Vəkillər Kollegiyasına sənəd verməyə dəvət edir.

Bunun üçün qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər aşağıda qeyd edilən sənədlərlə Vəkillər Kollegiyasının Rəyasət Heyəti nəzdində yaradılmış Sənəd Qəbulu Komissiyasına müraciət edə bilərlər:

1. Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş formada ərizə;

2. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;

3. Ali hüquq təhsili barədə diplomun notarial qaydada təsdiq edilmiş surəti;

4. VÖEN-nin surəti;

5. Qeydiyyatda olduqları vergi orqanından son 3 ildə hüquq sahəsində fasiləsiz fəaliyyət göstərdikləri, habelə rayon və şəhər sosial müdafiə şöbələrindən isə həmin dövr üzrə tarixlər göstərilməklə ödədikləri məcburi dövlət sosial sığorta haqları barədə arayışlar;

Qeyd: vergi oqanından veriləcək arayış “e-taxes.gov.az” portalından “onlayn kargüzarlıq” bölməsindən vergi orqanına sorğu göndərilməklə kağız daşıyıcı formasında həmin orqandan alına bilər.

6. Əqli cəhətdən sağlamlıq barədə tibbi arayış;

7. 3x4 sm və 4x6 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil;

8. Kadrların şəxsi məlumat vərəqəsi;

9. Tərcümeyi hal.

AzNews.az