Eldəniz Quliyev: “Milli Şuranın yaradılmasına start verilib”

1 Mart 2013 12:03 (UTC+04:00)
"Ziyalılar Forumunun təşəbbüsü olan Milli Şuranın yaradılması istiqamətində prosesə start verilib".

Bu açıqlamanı APA-ya Ziyalılar Forumunun üzvü Eldəniz Quliyev verib. Milli Şura yaradılmasını müxalifətdə olan qüvvələri birləşdirməyə yönələn xoş niyyət kimi dəyərləndirən E. Quluyev qeyd edib ki, hələlik proses "kəşfiyyat" xarakteri daşıyır: "Milli Şurada ilk növbədə əsas müxalifət partiyaları, sonra isə bütün ictimai-siyasi mühitin burada cəmləşməsinə çalışırıq. Yəni Milli Şura müxalifət düşərgəsinin həqiqi demokratik qüvvəyə çevrilməsini qarşısına məqsəd kimi qoyub".

E. Quliyev artıq partiya liderləri ilə konkret təkliflərə əsasən görüşlərin keçirilməsinin planlaşdırıldığını da söyləyib: "Bəzi şifahi danışıqlar aparılır. İnkişaf və pozitiv addımların atılması üçün işartılar da var".

Qurumun formatı haqda da danışan E. Quliyev bildirib ki, Milli Şura ilkin olaraq, məşvərət xarakterli olacaq: "Çünki hansısa qərarın verilməsi üçün məşvərətə ehtiyac var. Hazırda isə biz yolun əvvəlindəyik".

AzNews.az