İtkin düşən alpinistlərlə bağlı xəbər var - Yenilənib

28 Dekabr 2017 11:57 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya “Gilavar” klubunun rəhbəri Ziya Qasımov məlumat verib. O, bildirib ki, axtarışlar müvafiq qurumların mütəxəssislərinin iştirakı ilə yüksək səviyyədə davam etdirilir: “Müəyyən izlərə rast gəlinib. Gün ərzində məlumatlar dəqiqləşdiriləndən sonra ictimaiyyətə məlumat veriləcək”.

10:24

***

Fövqəladə Hallar Nazirliyi Quba rayonu ərazisində itkin düşən alpinistlərin axtarışları ilə bağlı məlumat yayıb.

AzNews.az xəbər verir ki, 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.

Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlara cəlb olunub.