Kəmalə Ağazadə mətbuata səsləndi: “Gözləyirsiz ki, uşaq satılsın...”

28 Dekabr 2017 10:47 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Hövsan qəsəbə sakini 24 yaşlı Orxanın 40 günlük uşağını 10 min manata satışa çıxarması ilə bağlı elanına münasibət bildirərkən deyib. Sədrin sözlərinə görə, bu kimi məlumatların ictimailəşməsi insan alverinə yol açır:

“Mən hələ də anlaya bilmirəm. Əgər belə bir məlumatı jurnalist aşkarlayıbsa, niyə həmin anda hüquq-mühafizə orqanlarına, xüsusən də İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə məlumat verməyib? Nəyi gözləyirlər? Gözləyirsiz ki, çinayət olsun, uşaq satılsın? Əslində bu məlumatlar insan alverinə yol açır. Bu fakt varsa, onu yazanlar çəzalandırılmalıdır. Uşaq, insan alveri şou ola bilməz”.

Qeyd edək ki, Tovuz rayon sakini, hazırda Bakının Hövsan qəsəbəsində yaşayan 24 yaşlı Orxan yeni doğulmuş uşağını 10 min manata satışa çıxarması ilə bağlı elan verib. Orxan kirayədə yaşadığı, işləmədiyni və bu səbəbdən də uşağa baxa bilmədiyini qeyd edib.

Bahar RÜSTƏMLİ
AzNews.az