Dövlət Neft Fondu daha 1 ton qızılı ölkəyə gətirib

1 Mart 2013 13:52 (UTC+04:00)
Bu gün Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən alınmış və London Qiymətli Metallar Bazarı İştirakçıları Assosiasiyasının standartlarına uyğun daha 1 ton qızıl (32 150 troya unsiyası) Britaniyanın "Brinks Qlobal Servisiz" şirkəti tərəfindən Azərbaycana gətirilib və müvəqqəti saxlanılmaq üçün Azərbaycan Mərkəzi Bankında yerləşdirilib.

Fonddan "APA-Economics"ə verilən məlumata görə, bununla da Neft Fondu tərəfindən ölkəyə gətirilmiş qızılın ümumi miqdarı təxminən 3 tona (96 450 troya unsiyası) çatdırılıb.

Qeyd edək ki, martın 1-nə Fondun investisiya portfelinə daxil edilmiş qızılın ümumi miqdarı 17 422 kq (560 145 troya unsiyası) təşkil edir.

Xatırladaq ki, yanvarın 1-nə Fondun vəsaitlərinin ümumi həcmi 34 129,4 mln. dollar təşkil edib.

AzNews.az