Zabitlər etiraz aksiyasına hazırlaşır

1 Mart 2013 14:10 (UTC+04:00)
Bu gün "SEDEP" QHT-lər koalisiyası və "Ehtiyatda və İstefada olan Zabitlər" İctimai Birliyi üzvləri mətbuat konfransı keçiriblər.

APA-nın məlumatına görə, İB-in sədri, ehtiyatda olan polkovnik Yaşar Cəfərli ehtiyatda və istefada olan zabitlərlə bağlı 17 məhkəmə qətnaməsinin dövlət orqanları tərəfindən icra olunmadığını deyib. Y. Cəfərlinin sözlərinə görə, buna görə, birbaşa müdafiə naziri Səfər Əbiyev və ədliyyə orqanları məsuliyyət daşıyır: "Prezident İlham Əliyev məhkəmə qətnamələrinin icrası ilə bağlı müəyyən göstəriş verdikdən sonra, Müdafiə Nazirliyində yüzlərlə qətnamə icra olundu. Lakin sonradan yenə qətnamələrin icra edilməməsinə başlanıldı. Biz bu məsələni 20 fevralda yenidən gündəmə gətirdik və yenə də nazirliyin hər hansı reaksiyası olmadı. Onlar iddia edirlər ki, guya biz dövlət əleyhinə işləyirik. Biz bu qərarların icra olunmasında israrlıyıq".

Qeyd olunub ki, Müdafiə Nazirliyinin qərarları icra etməməsinə etiraz əlaməti olaraq martın 9-da piket keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Y. Cəfərli, Ədliyyə Nazirliyinin binası qarşısından başlayacaq piketin Səfər Əbiyevin Yasamal rayonunun "Qızıl Şərq" küçəsində yerləşən iqamətgahına doğru yürüşlə bitəcəyini vurğulayıb: "Məqsədimiz qətnamələrin icra olunmasıdır. Biz bunun məsuliyyətini birbaşa Səfər Əbiyevə aid olduğunu düşünürük".

Y. Cəfərli həmçinin qeyd edib ki, məhkəmə qətnamələrinin icra olunmaması ilə əlaqədar ədliyyə naziri Fikrət Məmmədova və Ombudsman Elmira Süleymanovaya müraciət olunacaq.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu isə APA-ya açıqlamasında deyib ki, bununla bağlı dəfələrlə münasibət bildirib, izahlar veriblər: "Onlar isə razılaşmırlar. Amma bu o demək deyil ki, haqlıdırlar. Piket məsələsinə gəlincə, Yaşar Cəfərli bu vasitəni daha çox qorxutmaq metodu kimi başa düşür. Bax buna görə o özünü gülünc vəziyyətə qoyur".

AzNews.az