"Dağlıq Qarabağ münaqişəsi regionda sülh və təhlükəsizliyə ciddi təhdiddir" - Səfir

30 Dekabr 2017 14:45 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu “The Reporter Ethiopia” qəzetinə müsahibədə Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev deyib.

Səfir bu münaqişə ilə bağlı BMT-nin Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğalını qəti şəkildə pisləyən və erməni qoşunlarının qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamə qəbul etdiyini bildirib: “Təəssüf ki, Ermənistan indiyədək bu tələbləri yerinə yetirməyib. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizi hələ də işğal altındadır, bir milyondan çox şəxs qaçqın və məcburi köçkünə çevrilib. Bu, ciddi humanitar faciədir”.

Səfir qeyd edib ki, Ermənistan beynəlxalq hüquqa hörmətsizlik edir: “Ermənistan beynəlxalq hüququa, BMT-nin qətnamələrinə və əsasnaməsinə əməl etməlidir. Əgər biz BMT qətnamələrinə əməl etməsək, dünyada sülhü və stabilliyi necə təmin edə bilərik?”

Diplamat vurğulayıb ki, Ermənistanın daxilində də problemlər var, çünki bu ölkə hərbi rejimlə idarə olunur: “Hərbi rejimlə danışıqlar aparmaq çətindir. Oradakı diktatura beynəlxalq hüquq normalarını diqqətə almır. Bu, başlıca maneədir. Elə ölkələr var ki, münaqişənin nizamlanmasında vasitəçilik üçün səylər göstərir, amma bunun yekun həlli beynəlxalq hüquq normalarına və beynəlxalq təşkilatların, o cümlədən BMT-nin qərarlarına əsaslanmalıdır”.