Bulvarda “Qış nağılı” festivalı başlanıb - Foto

30 Dekabr 2017 18:41 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, 2018-ci il yanvarın 3-dək hər gün saat 13:00–dan 18:00–dək uşaqları cizgi filmlərinin qəhrəmanları gözləyəcək.

Azərbaycan Gənclər İttifaqının sədr müavini Əziz Əzizov bildirib ki, festivalın keçirilməsində məqsəd bayram günlərində uşaqların nağıllar aləminə səyahətini təşkil etməkdir. Festival çərçivəsində Balaca və Karlsonun, Maşa və Ayının sərgüzəştləri balacalara sevinc dolu anlar bəxş edəcək, Şaxta baba və Qar qız uşaqlarla rəqs edəcək, ölkənin ən yaxşı animatorları Karib dənizinin quldurları kostyumlarında əyləncəli oyunlar keçirəcəklər. Moskva teatrının “Maşa və Ayı”, “Balaca və Karlson” tamaşaları uşaqları Yeni il nağılına aparacaq. Şəhərin ən yaxşı artistləri uşaqlarla birlikdə Yeni il bayramını A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının arxasında yerləşən meydançada qeyd edəcək. Bayram günlərində müxtəlif uşaq kollektivləri, rəqs ansamblları, teatr tamaşaları nümayiş olunacaq, əyləncəli viktorinalar keçiriləcək.

“Qış nağılı” adlı əyləncəli şənliyin ilk günündə Bakı Dənizkənarı Milli Parkında 100-dən çox uşaq, onların valideynləri və şəhərimizin qonaqları toplaşıb. Nağıl qəhrəmanları uşaqları salamladıqdan sonra uşaq kollektivlərinin çıxışları başlanıb. Balacalar səhnədə Azərbaycan və xarici ölkələrin rəqs nömrələrini, maraqlı səhnəcikləri izləyiblər, viktorinalarda iştirak ediblər. Bayram tədbiri hər kəsdə xoş ovqat yaradıb. Giriş sərbəstdir.