Arif Hacılı Saakaşviliyə riyakar dedi

1 Mart 2013 16:31 (UTC+04:00)
Müsavat İcra Aparatının rəhbəri Arif Hacılı Gürcüstan prezidenti Mixail Saakaşvilinin Rusiyanın Azərbaycanla bağlı planlarından bəhs edən açıqlamasına münasibət bildirib. "Qafqazinfo"nun məlumatına görə, A.Hacılı Facebook hesabında Mixail Saakaşvilinin Azərbaycanla bağlı mövqeyində riyakarlığa yol verdiyini qeyd edib:

"Əvvəla Gürcüstanda onun dediyi kimi Rusiya tərəfindən hər hansı bir çevriliş baş verməyib.Yaxından iştirak etdiyim son seçkilərdə şahidi olmuşam ki, gürcü xalqı Saakaşviliyə və onun tərəfdarlarına səs vermədi.

Az çox saxtakarlıqlar indi onun xatırlatdığı azərbaycanlılar və ermənilər yaşayan ərazilərdə baş vermişdi.Saxtakarlıqlar Saakaşvilinin namizədlərinin xeyrinə edilmişdi.Və onun namizədləri əsasən belə yaşayış məntəqələrində üstünlük əldə etmişdilər.

Rusiyameyilli sayılması inandırıcı olmayan Tbilisidə onun blokuna daxil olan namizədlərin hər biri dairələrin hamısında böyük hesabla məğlub olmuşdular.Tbilisi seçicilərinin 90%-ə qədəri onun blokuna rəqib olan namizədlərə səs vermişdi.

Səhv ya düz idi. Bu gürcü xalqının seçimi idi.Və məncə nə Saakaşvili ,nə Novodvorskaya,nə də başqaları gürcü xalqının taleyi haqqında bu xalqın özündən daha düzgün qərar verə bilməz.

Saakaşvilinin açıqlamasında narahatedici məqam guya Söyün Sadıxovun Gürcüstanda yaşayan azərbaycanlılara muxtariyyət alacağını söz verməsi barədə fikirləridir.Bu bəyanat təbii ki. gürcüstanlı soydaşlarımız üçün problemlər yaradacaq.

Söyün Sadıxovun belə təsir imkanları yoxdur.O həm də Saakaşvilinin dediyi kimi milyarder də deyil.Rusiyada və Azərbaycanda Sadıxovdan daha varlı minlərlə azərbaycanlı var.

Saakaşvilinin açıqlamasında məyusedici məqamlardan biri də odur ki,açıqlama Azərbaycanda avtoritar rejimin müdafiəsinə yönəlib.Təsadüfi deyil ki,Rusiya təhlükəsi qarşısında rəhbər ətrafında birləşmək çağırışları yüksəlməkdədir".

AzNews.az