Elçibəyin köməkçisindən Ayaz Mütəllibova çətin suallar

1 Mart 2013 16:47 (UTC+04:00)
Mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov "Yeni Müsavat"a yazılı müraciət edib. Müraciətində o, keçmiş prezident Ayaz Mütəllibovun "Yeni Müsavat" qəzetində dərc olunmuş müsahibələrində səsləndirdiyi fikirlərə, ittihamlara cavab verib.

O.Qasımov ilk cümləsini bu sözlərlə başlayır: "Mütəllibov düşündüyümdən daha zəif, kinli, hadisələrə yüksəklikdən baxa bilməyən şəxsdir". O.Qasımovun sözlərinə görə, sabiq prezident müsahibədəki son cümləsi ilə bütün mahiyyətini ortaya qoyub: "Ölkənin indi xəcalət çəkdiyi durumdan" çıxması üçün heç nə təklif etmir. Eyni zamanda prezident olduğu dövrdə baş verənlərə görə də məsuliyyət daşımadığını bildirir və bu məsuliyyəti digərlərinin üzərinə atmağa cəhd edir. Hansı ki, adını çəkmək belə istəmədiyi Elçibəy Kəlbəcərin işğalının məsuliyyətinin öz üzərində olduğunu və xalqın mühakiməsinə hazır olduğunu hər zaman bəyan edirdi".

O.Qasımov Mütəllibovun müsahibəsində hakimiyyəti zamanı baş verənlərlə bağlı səsləndirdiyi fikirlərinin bir qisminə toxunmaqda fayda olduğunu bildirir: "O, (Mütəllibov-red.) bildirir ki, 1991-ci ildə Qarabağda 24 kənd azad edildi və azərbaycanlıların bunu etiraf etməyə canı çıxır. Əvvəla, o zaman Qarabağda 24 yox, 14 kənd azad edildi və bundan artığını Rusiya istəmədi. Çünki İttifaq müqaviləsinə ilk dövrlər isti yanaşmadığı üçün Ermənistanı cəzalandırmaq istəyirdi. Bunun konkret nümunəsini xatırlatmağı lazım bilirəm. Niyə Şuşanın yaxınlığındakı Daşaltı və Qaladərəsi kəndlərindən erməni silahlı dəstələrinin təmizlənməsi əməliyyatı dayandırıldı? Azad edilmiş həmin kəndlərdən Azad, Kamo Çaykənd istisna olmaqla, digərləri elə həmin ilin payızında, Mütəllibovun 1991-ci ilin avqustunda QKÇP-ni dəstəkləməsindən və Azərbaycanın müstəqilliyini elan etməsindən sonra Rusiyanın yardımı ilə yenidən işğal edilib ermənilərin nəzarətinə verildi".

Sabiq prezident köməkçisi Mütəllibova xitabən yazır: "Məhz sizin "hər şeyi Rusiya edəcək" düşüncənizin nəticəsində Dağlıq Qarabağdakı yaşayış məntəqələrinin müdafiəsi lazımi səviyyədə təşkil olunmadı və onların əksəriyyəti elə sizin hakimiyyətiniz zamanı hələ də inandığınız həmin rus ordusunun 366-cı alayının fəal yardımı ilə işğal edildi: Kərkicahan, Kosalar, Meşəli, Cəmilli, Malıbəyli, Quşçular, Xocalı kimi tarixi və strateji əhəmiyyətli kənd və qəsəbələr bunların bir qismi idi. Mən hələ Qazaxın Bağanıs Ayrım kəndinin yandırılmasını, 20-dən artıq kənd sakinin vəhşiliklə qətlə yetirilməsini və Naxçıvanın Kərki kəndinin işğalını demirəm. Sizcə yardımına inandığınız Rus ordusunun bunlardan heçmi xəbəri yoxdu?"

O.Qasımov bildirir ki, Xocalı faciəsi ilə bağlı Mütəllibov daxili qüvvələri - opponentlərini yenə də ittiham edir: "Az-çox məlumatlı adam kimi bildirirəm ki, Xocalının müdafiəsi məsələsi həmişə AXC-nin və onun sədri Elçibəyin xüsusi diqqətində olub və bunu Xocalıların əksəriyyəti bilirdi. AXC İnformasiya Mərkəzi hər gün azı 2 dəfə Xocalı ilə əlaqə saxlayıb (bəndəniz bu prosesin içində olub) vəziyyət haqqında məlumat alıb. 1991-ci ilin noyabr ayının əvvəllərində Bakıya ezamiyyətə gəlmiş Xocalı polisində işləyən Elçibəyin tələbəsi olmuş polis kapitanı AXC qərargahında ona Xocalıdakı ağır durum haqda ətraflı məlumat verərək kömək istədi. Xocalının blokadasının aradan qaldırılması üçün tədbirlər görülməsi üçün prezident kimi legitimliyinizi tanımasa da Elçibəy Sizə 2 dəfə (noyabr 1991-ci il, yanvar 1992-ci il) məktubla müraciət etdi. Amma onun müraciətləri cavabsız qaldı və əməli tədbirlər görülmədi. Onu da xatırlatmaq istəyirəm ki, Xocalıda baş verən qətliamla bağlı fevralın 26-da səhər AXC İnformasiya Mərkəzinin yaydığı məlumata Sizin mətbuat katibiniz Rasim Ağayev aqressiv reaksiya verib bildirdi ki, Xocalıda cəmi 2 nəfər həlak ölub, yayılan məlumat təxribatdır. Hansı ki, AXC İnformasiya Mərkəzi həmin gecə bir neçə dəfə Xocalı ilə əlaqə saxlayıb, sonra əlaqə kəsilib".

O.Qasımov A.Mütəllibova xitabını davam etdirərək bunları xatırladır: "Xatirinizdədirsə, Siz Milli Ordunun yaradılmasına da müqavimət göstərir, əvəzində Milli Qvardiya yaradılmasını istəyirdiniz. Amma durumun ciddiliyi nəhayət, Sizi məcbur etdi ki, 9 oktyabr 1991-ci ildə Milli Ordunun yaradılması üçün fərman verəsiniz".

O, daha sonra Mütəllibova sual edir: "Siz nə üçün rus ordusunun sərhəd bölgələrindən çıxmasını da AXC-yə bağlayırsınız? Bu proses hələ o vaxt mövcud olan SSRİ-nin müdafiə naziri Şapoşnikovun əmri ilə həyata keçirilmişdi. AXC-nin səyləri ona yönəlmişdi ki, onların silah və texnikalarının heç olmasa bir hissəsi Azərbaycanda qalsın. Siz görünür həmin vaxtlar Sitalçaydakı aerodromdan Rusiyaya aparılan təyyarələrin oranı bombalayaraq tərk etdiyini də xatırlamırsınız".

O.Qasımov sabiq prezidentə başqa tarixi faktları da xatırladaraq suallar verir: "Dediyinizə görə Dağlıq Qarabağda nəzarəti bərpa etmək və Xocalını qaytarmaq üçün geniş imkanlarınızdan istifadə olunmasına imkan verilmədi. Bir Azərbaycan vətəndaşı kimi mənə maraqlıdır, Siz nədən həmin imkanınızdan istifadə edərək Dağlıq Qarabağdakı soydaşlarımızı müdafiəsini normal təşkil etmədiniz? Hökmən Xocalı və Şuşa işğal olunmalı, faciələr baş verməli idi ki, o imkanlardan istifadə edəsiniz? 1992-ci ilin fevralında AXC-nin təşəbbüsü ilə təşkil edilmiş Qarabağ müzakirələrində passiv iştirakınızı xatırlatmaq istəməzdim. Yaratdığınız Mili Müdafiə Şurasına ittiham etdiyiniz AXC-ni dəvət etməməklə də Siz opponentlərinizə öz münasibətinizi nümayiş etdirdiniz".

O.Qasımov sonda yazır: "Opponentlərinizi ittiham edirsiniz ki, sizə qarşı haqsızlıqlar etdilər, vətəndən didərgin saldılar. Axı Sizin təhlükəsizliyiniz və təminatınızla bağlı Ali Sovet o zaman xüsusi qərar qəbul etmişdi. Siz isə həmin qərarı pozaraq yenidən konstitusiyaya zidd yolla hakimiyyətə qayıtmaq istədiniz və bunun da qarşısı alındı. Sizin Azərbaycana qayıtmağınızı Elçibəy də çox istəyirdi. Azərbaycan dövlətinin qurulması üçün hər kəsin təcrübəsindən istifadə olunmasını istəyir və konkret addımlar da atmağa hazır idi. Bununla bağlı mövqeyini Sizin də köməkçiniz olmuş mərhum Gülşad Zərbəliyev vasitəsilə çatdırmışdı. Elçibəyin tək şərti vardı: "20 yanvar hadisələri ilə bağlı bildiklərinizi istintaqla paylaşmaq". Mənə maraqlıdır, nədən Siz o zaman - 1993-cü ilin martında Azərbaycana qayıtmaqdan imtina etdiniz?"

Oqtay Qasımovun yazılı müraciəti bu cümlələrlə bitir: "Məqsədim Mütəllibovu, ya kimsəni ittiham etmək deyil, sadəcə yaxın tariximizdə baş verənləri xatırlatmaq idi".

AzNews.az