“Qəbələ”dən Mahir Mədətovla bağlı bəyanat - “Üzr istəməsini gözləyirik”

4 Yanvar 2018 17:53 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bəyanatda futbolçu 31.12.2017-ci il tarixində “CBC Sport” telekanalının efirində yayımlanan “Qış nağılı” verilişindəki çıxışına görə qınanıb.

Belə ki, milli komandamızın və “Qarabağ” Futbol Klubunun üzvü Mahir Mədətov verilişin formatına uyğun olaraq maraqlı əhvalat nəql edərkən mövzu kimi komandamızın baş məşqçisi və futbolçular arasında olan dialoqu seçib və özünəməxsus şəkildə təqdim edib.

“Qəbələ” İdman Klubu M.Mədətovun bu çıxışını peşəkar idmançıya yaraşmayan, məsuliyyətsiz, qeyri-etik addım kimi dəyərləndirib: “Uydurma əhvalatın ictimailəşdirilməsini və uğursuz gülüş obyektinə çevirmək istəyini qınayır. Hesab edirik ki, belə şüursuz açıqlamalar, baş məşqçimiz Roman Qriqorçukun məsxərəyə qoyulması, onun və klubumuzun imicinə xələl gətirməklə yanaşı, ictimaiyyətdə yalnış fikir formalaşdırmağa xidmət edir.

Bütün bunları nəzərə alaraq, “Qarabağ” FK-nın gənc futbolçusu haqqında ölçü götürməsini, M.Mədətovun etdiyi hörmətsizliyə görə “Qəbələ” İK və R. Qriqorçukdan üzr istəməsini gözləyirik”.