AXCP mətbuat xidməti rəhbərinin qardaşı sərbəst buraxılıb

1 Mart 2013 23:42 (UTC+04:00)
İki gün öncə saxlanılmış Sabirabad rayon sakini sərbəst buraxılıb.APA-nın məlumatına görə, Xəlfəli kənd sakini Murad Güləhməd oğlu Ədilov barəsində Sabirabad rayon Məhkəməsi polisə müqavimət göstərməsini əsas gətirərək, 2 sutka inzibati həbs cəzası seçib. Həmin cəza müddəti bu gün bitdiyi üçün M. Ədilov sərbəst buraxılıb.

Qeyd edək ki, fevralın 27- də narkotik vasitələrin qanunsuz dövriyyəsində günahlandırılan Sabirabad sakinləri saxlanılıb.

Sabirabad rayon Polis Şöbəsinin müstəntiqi Elnur Əliyevin APA-ya bildirdiyinə görə, Sabirabad rayon sakinləri Ədilov Murad Güləhməd oğlunun vasitəçiliyi ilə Qurbanov Taleh Valeh oğlu Nadirov Səbuhi Əflatun oğluna bir kibrit qutusunda 5,89 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı 35 manata satıb.

Faktla görə fevralın 27-də Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Həmin gün Taleh Qurbanov və Səbuhi Nadirov şübhəli şəxs qismində tutulub. Onların barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilov isə bildirib ki, saxlanılan Murad Ədilov onun qardaşı, Səbuhi Nadirov isə dayısı oğludur.

AzNews.az